BÜTÜN MÜAYİNƏLƏRİN NƏTİCƏSİ EYNİDİR: AZƏRBAYCANDA “QUŞ QRİPİ” VİRUSUNUN ƏLAMƏTLƏRİ YOXDUR
AZƏRTAC xəbər verir ki, xidmətin rəisi İsmayıl Həsənov ötən həftə həyata keçirilən tədbirlər barədə məlumat verərək demişdir ki, Baytarlıq Şurasının qərarı ilə alimlərdən və mütəxəssislərdən ibarət daha bir xüsusi komissiya yaradılmışdır. Profilaktika tədbirləri genişləndirilmiş, əhali arasında maarifləndirmə işləri gücləndirilmişdir. Diqqətə çatdırılmışdır ki, hökumət profilaktika tədbirləri üçün dövlət büdcəsindən daha 100 min ABŞ dolları ayırmağı qərara alıb. Bundan əlavə, Dünya Bankına əhatəli bir layihə təqdim olunub. Bu bank Azərbaycana kömək göstərməyə hazırdır. Bu gün Dünya Səhiyyə Təşkilatının nümayəndəsi ilə görüş keçirilmişdir. Nüfuzlu beynəlxalq qurumun təmsilçisi nümayəndələrinin Naxçıvan, Bərdə və Masallıya göndərilməsi təklifini irəli sürmüş, təklif razılıqla qarşılanmışdır.
İsmayıl Həsənovun sözlərinə görə, respublika ərazisində artıq VIII monitorinq reallaşdırılır, müayinə olunmuş nümunələrin sayı 3 minə çatmışdır. Nəticə isə eynidir: Azərbaycanda “quş qripi” virusunun əlamətləri yoxdur. Eyni zamanda, havaların soyuması ilə əlaqədar çöl quşları arasında ölüm hallarının sayı artmışdır. Bu quşlardan 80-nin cəsədi və qan nümunələri müayinə olunmuşdur. Yalnız bir sərçədə və qu quşunda “nyu-kastl” virusu aşkar edilmişdir. Həmin virusun isə “quş qripi” ilə heç bir əlaqəsi yoxdur. Yeri gəlmişkən, indiyədək götürülmüş nümunələr bu həftə müayinə üçün Londondakı müvafiq laboratoriyaya göndəriləcəkdir.
Sonda jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.