“CAHAN HOLDİNG” ŞİRKƏTLƏR QRUPUFƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 20-də Naxçıvan şəhərində “Cahan Holding” şirkətlər qrupunun istehsal sahələri ilə tanış olmuşdur. Dövlətimizin başçısını burada səmimiyyətlə, böyük hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyev şirkətlər qrupunun yeni istehsal sahələrinin açılışını bildirən lenti kəsdi.
Şirkətlər qrupunun prezidenti Vüqar Abbasov dövlətimizin başçısına məlumat verərək dedi ki, 10 ildən artıqdır “Cahan Holding” müxtəlif sahələrdə fəaliyyət göstərir. Yeni-yeni layihələr həyata keçirir, ölkənin özəl sektorunun inkişafına töhfəsini verir. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin rəhbərliyi altında başlanmış və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasından bəhrələnən özəl qurumlardan biri də “Cahan Holding”dir.
“Cahan Holding”ə daxil olan “Cahan Pen” şirkəti plastik qapı-pəncərə profilləri istehsalı və satışı ilə də məşğuldur. Türkiyə və Almaniyadan gətirilən xammal hesabına ayda satışa 350 min metr məhsul çıxara bilir. Məhsul Rusiya, Qazaxıstan və digər MDB ölkələrinə də ixrac edilir. Burada 150 nəfər daimi işlə təmin olunmuşdur.
“Cahan Kommer” ticarət mərkəzinin 248 mağazası və 240 meyvə-tərəvəz satışı köşkü var. “Bank of Azerbaijan” bankının 12 nömrəli Naxçıvan filialı da fəaliyyət göstərir. 9 nəfər işçisi olan bu bank gün ərzində 100 nəfərə xidmət göstərə bilir.
“Cahan Motors” avtomobil şirkətlərinin Azərbaycandakı rəsmi nümayəndəsi kimi də çıxış edir və xarici avtomobillərin satışını da təşkil edir.
Naxçıvan şəhərində fəaliyyət göstərən “Cahan Tobacco” şirkətinin beynəlxalq standartlara cavab verən avadanlığı ilə yüksək keyfiyyətli tütün məhsulları istehsal olunur. Hazırda gündə 150 min qutu məhsul istehsal etmək imkanı var ki, bununla da daxili bazarı təmin etmək mümkündür. Müəssisədə 27 nəfər inzibati işçi, 87 nəfər fəhlə çalışır.
Prezident İlham Əliyev çay, tütün və plastik qapı-pəncərə istehsalı sahələri ilə tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, fabrikdə çayın tərkibinə müalicəvi xarakterli yerli bitkilər də qatılır. Yüksək keyfiyyətli məhsullar “Cahan” markası altında satışa çıxarılır, yaxın gələcəkdə, yerli tələbat ödənildikdən sonra, xarici bazarlara da məhsul göndərmək mümkün olacaqdır.
Yerli iş adamları bu cür istehsal sahələrinin yaradılmasını ölkəmizdə sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirdilər.
Prezident İlham Əliyev müəssisənin məhsulundan dəmlənmiş çaydan içdi, məhsullardan ibarət sərgiyə baxdı.
Dövlətimizin başçısı müəssisənin fəaliyyətini yüksək qiymətləndirdi və belə istehsal sahələrinin fəaliyyətinin yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması üçün vacibliyini vurğuladı.