Cakartada “Gənc İslam Liderləri 2019” sammitinin açılış mərasimi keçirilib
Cakarta, 25 noyabr, AZƏRTAC
Cakartada İndoneziya parlamentinin inzibati binasında İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun dəstəyi ilə İƏT İndoneziya Gənclər Təşkilatı tərəfindən “Gənc İslam Liderləri 2019” sammitinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə İndoneziyanın Gənclər və İdman naziri Facrul Razi, parlamentin sədr müavini Hidayət Nur Vahid, İƏT Gənclər Forumunu baş katibi Rəsul Ömərov, İƏT İndoneziya Gənclər Təşkilatının İdarə heyətinin sədri Şafi Efendi, Cakartada akkreditə olunmuş səfirlər və diplomatik korpusun, həmçinin İndoneziyanın akademik və ruhani dairələrinin nümayəndələri iştirak ediblər.
“Ümmətin Birləşdirilməsində Gənc İslam Liderlərinin Rolunun Gücləndirilməsi” mövzusunda keçirilən açılış mərasimində əsas çıxışçı qismində Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev çıxış edib. Qloballaşma dövründə müasir müsəlman gəncliyinin üzləşdiyi çətinliklərdən və qarşıda duran vəzifələrdən geniş şəkildə bəhs edə səfir müsəlman gəncliyinə rəqəmsallaşan dünyanın inkişaf tempinə uyğunlaşmağı və bunun yaratdığı geniş imkanlardan, xüsusilə müasir təhsil proqramlarından əməli şəkildə istifadə etməyi, sosial media platformalarından məqsədəuyğun şəkildə yararlanmağı tövsiyə edib.
Tədbir işini panel iclaslarla davam etdirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta