İQTİSADİYYAT
Cəlil Məmmədquluzadə küçəsində aparılan təmir işləri davam edir
![](/files/galleryphoto/2022/2/1200x630/1658496615492416827_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16584966152248142219_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16584966152999656304_1200x630.jpg)
Bakı, 22 iyul, AZƏRTAC
2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda 1530 metr uzunluğa malik Cəlil Məmmədquluzadə küçəsinin təmiri davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Cəlil Məmmədquluzadə küçəsində aparılan təmir işləri adıçəkilən küçənin Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan 690 metrlik və Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan 840 metrlik hissəsində aparılır.
Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan hissənin ortalama eni 21 metr təşkil edir. Təmir işləri zamanı bu hissədə 1252 poqonometr səki daşı qoyulub, yolayrıcılarına 414 kvadratmetr olmaqla tamet daşları düzülüb, frezlənmə işləri aparılıb. Hazırda küçəboyu asfaltlanma işləri son mərhələdə olmaqla icra edilir. Sonda bu hissə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Cəlil Məmmədquluzadə küçəsinin ortalama eni 10 metr təşkil edən Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan hissəsində aparılan işlər çərçivəsində isə zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə küçəboyu 4000 kvadratmetr səki bərpa olunub, 2066 poqonometr yeni səki daşı düzülüb. Ümumilikdə 9174 kvadratmetr sahədə təmir aparılıb, 8301 kvadratmetr əraziyə asfalt-beton örtüyü döşənib.
Qeyd edək ki, cari il ərzində Nəsimi rayonu ərazisində təmir edilən küçələrin ümumi uzunluğu 3 kilometr olub.