Cəlilabad və Biləsuvarda yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb
Cəlilabad, 18 avqust, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad və Biləsuvar rayonlarında yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Biləsuvar rayon sakini K.Kərimova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Cəlilabadda isə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilmiş R.Rzalının yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxs ictimai yerdə aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.