CƏNUB BÖLGƏSİNİN KƏND ƏMƏKÇİLƏRİ PREZİDENT SƏRƏNCAMINI YÜKSƏK QİYMƏTLƏNDİRİRLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, martın 7-də N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında cənub bölgəsinin Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının kənd təsərrüfatı işçilərinin zona seminar-müşavirəsi keçirilmişdir.
Rayon icra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, kənd təsərrüfatı ilə məşğul olan fermerlərin və torpaq mülkiyyətçilərinin iştirak etdiyi tədbirdə Lənkəran ərazi kənd təsərrüfatı idarəsinin rəisi Abı Abıyev çıxış edərək, Prezident İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar qarşıda duran vəzifələrdən danışmış, aqrar bölmənin inkişafına göstərilən qayğıya görə, kənd əməkçiləri adından ölkəmizin başçısına minnətdarlığını bildirmişdir.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti İdarə heyətinin sədri Əli Bayramov və Kənd Təsərrüfatı Nazirliyinin maliyyə idarəsinin rəisi Rafiq Məcidov çıxışlarında ölkə iqtisadiyyatının sürətli yüksəlişinin qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının dinamik inkişafı üçün real imkanlar yaratdığını bildirmişlər. Prezident Sərəncamının icrasını təmin etmək üçün Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi qaydaları” və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması qaydaları” haqqında ətraflı məlumat vermişlər.
Bildirilmişdir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına becərməyə sərf olunan yanacaq və motor yağlarına görə hər hektar üçün 40 manat yardımın verilməsi nəzərdə tutulmuşdur və iyulun 10-dan sonra həmin yardımların verilməsinə başlanılacaqdır.
Məhsul istehsalçılarının siyahısını tərtib etmək və nəzərdə tutulan yardımı onlara vermək məqsədi ilə rayon və kənd ərazi komissiyalarının, işçi qruplarının yaradılmasının vacibliyi vurğulanmış, onların əsas iş prinsipləri və fəaliyyəti haqqında danışılmışdır.
Bildirilmişdir ki, rayon komissiyaları icra hakimiyyəti başçısının imzası ilə təsdiq edilmiş icmal siyahılarını Respublika Komissiyasına təqdim etdikdən 10 gün sonra Maliyyə Nazirliyi “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə istehsalçılara çatacaq vəsaitin müəyyən olunmuş qaydada plastik kartlarla verilməsini təmin edəcəkdir.
Kənd təsərrüfatı ilə məşğul olan istehsalçıların sığorta müqavilələrinin ümumi məbləğinin 50 faizinin də dövlət tərəfindən ödəniləcəyi xatırladılmış və bildirilmişdir ki, “Aqrozinq”dən alınan texnikanın, heç bir girov qoymadan, dəyərinin əvvəlcə 20 faizi, 10 il müddətində isə yerdə qalan hissəsi ödəniləcəkdir.
Aqrar bölmədə çalışanlara mineral gübrələrin də 50 faiz güzəştlə satılacağı bildirilmiş, mineral gübrələrin miqdarının hər hektar əkin sahəsinə görə 300 kiloqram müəyyən edildiyi vurğulanmışdır.
Seminar-müşavirədə kənd təsərrüfatı ilə məşğul olan fermerlərin və torpaq mülkiyyətçilərinin təklifləri dinlənilmiş, onları maraqlandıran suallara cavab verilmişdir.