REGİONLAR
“Cənubi Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq” layihəsinin təqdimatı keçirilib
Göygöl, 21 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan ilə Cənubi Koreya ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlığı nəzərdə tutan sınaq layihəsi həyata keçirir.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), INPRO, WHYBIZ, ENEY şirkətlərinin nümayəndələri ilə “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq” mövzusunda sınaq layihəsinin təqdimatı olub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev bildirib ki, institut olaraq daim beynəlxalq təşkilatlar, elm müəssisələri ilə əməkdaşlıq edilir və beynəlxalq təcrübənin ölkəmizdə heyvandarlığın inkişafı üzrə tətbiq olunmasında əsaslı addımlar atılır.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev bildirib ki, Göygöl rayonu ölkəmizdə heyvandarlıq sahəsində önə çıxan rayonlardan biridir. Son illərdə artan göstəricilərlə birlikdə, yeni innovasiyaların tətbiqi heyvandarlığın inkişafında daha da mühüm rol oynayacaq.
Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) Bakı nümayəndəliyinin rəhbəri Kyekvon Co ölkəmizdə fəaliyyət göstərməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərdikləri müddətdə Cənubi Koreya hökumətinin dəstəyi ilə şirkət və müəssisələrin qabaqcıl təcrübələrinin Azərbaycanda tətbiq olunmasında KOTRA olduqca maraqlıdır. Həyata keçirilən sınaq layihəsi gələcəkdə baş tuta biləcək genişmiqyaslı layihələrin təməlini qoyur.
Tədbirdə, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev, Aqrar Xidmətlər Agentliyinin (AXA) sədr müavini Eldar Həsənov və digərləri bu cür əməkdaşlığın baş tutmasından məmnun olduqlarını dilə gətiriblər. Diqqətə çatdırılıb ki, Cənubi Koreya və Azərbaycan arasında bir sıra sahələrdə əməkdaşlıq mövcuddur. Müasir dövrdə bütün sahələrdə olduğu kimi kənd təsərrüfatının inkişafında da yeni texnologiyaların, innovasiyaların tətbiqi olmadan inkişaf qeyri-mümkündür.
Tədbirdə İNPRO şirkətinin baş icraçı direktoru Seung-Hyeok Choi, WHYBIZ şirkətinin baş icraçı direktoru Seungback Jung, ENEY şirkətinin baş icraçı direktoru Jae-Hyuk Jeon tərəfindən “SmartFarm texnoloji tətbiqinin təqdimatı”, “Cloud sistemi” və digər mövzularda təqdimatlar keçirilib.
Sonda Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), INPRO, WHYBIZ, ENEY şirkətlərinin nümayəndələri ilə memorandum imzalanıb.