Cənubi Koreya mediası Şuşa və Andonq arasında “Dost şəhərlər” əlaqəsinin qurulmasından yazır
Seul, 21 noyabr, AZƏRTAC
Cənubi Koreyanın Andonq şəhərində keçirilmiş Tarixi Şəhərlər Liqasının (TŞL) 18-ci Dünya Konfransı çərçivəsində keçirilən Baş Assembleyanın iclasında Şuşa şəhərinin liqaya üzv qəbul edilməsi, habelə Andonq şəhəri ilə Şuşa, Kusko (Peru) and Korinf (Yunanıstan) şəhərləri arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması, Şuşa və Andonq şəhərləri arasında "Dost şəhərlər" əlaqəsinin qurulması üzrə anlaşma memorandumu imzalanması Cənubi Koreya mediasında geniş işıqlandırılıb, bu barədə çoxsaylı məqalələr dərc olunub və televiziya reportajları verilib.
AZƏRTAC xəbər verir ki, materiallarda Azərbaycan Cənubi Koreyadakı səfirliyinin təşəbbüsü əsasında 2021-ci ildən başlayaraq Azərbaycan ilə Andonq şəhərinin yerləşdiyi Qyonqsanqbukdo əyaləti arasında, 2022-ci ildən etibarən isə Şuşa və Andonq şəhərləri arasında əməkdaşlıq əlaqələrinin qurulması üzrə fəaliyyətlərin başlandığı qeyd olunur və bu fəaliyyətlərin konkret tərəfdaşlıq sənədlərinin imzalanması ilə nəticələndiyi vurğulanır.
Şuşa şəhəri haqqında bəhs olunaraq, şəhərin Qarabağın incisi, Azərbaycan tarixinin və mədəniyyətinin simvolu kimi tanındığı bildirilir. Şuşada Azərbaycanın bir çox tarixi və mədəni irsinin yerləşdiyi, şəhərin eyni zamanda, gözəl təbiəti olan turizm mərkəzlərindən biri olduğu diqqətə çatdırılır. Qeyd olunub ki, 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilib, bundan başqa, TÜRKSOY tərəfindən “2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilən Şuşa şəhəri türk mədəniyyətinin təbliğində aparıcı rol oynayır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin