CƏNUBİ QAFQAZ PARLAMENT TƏŞƏBBÜSÜ QRUPUNUN İCLASI GÖZLƏNİLƏN NƏTİCƏNİ VERMƏDİ
Xəbər verdiyimiz kimi, fevralın 26-da Tbilisidə Böyük Britaniyanın “Links” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə Cənubi Qafqaz Parlament Təşəbbüsü qrupunun növbəti iclası başlanmışdı. Azərbaycan, Gürcüstan və Ermənistan parlamentləri deputatlarının, habelə Avropa Şurası, ATƏT, AŞPA, NATO nümayəndələrinin iştirakı ilə keçirilən iclas fevralın 27-də başa çatmışdır.
İclasın ikinci günü Azərbaycan nümayəndə heyətinin başçısı, Milli Məclisin deputatı Siyavuş Novruzovun çıxışı yenə də böyük maraq doğurdu. O, Ermənistan parlamenti deputatlarının Cənubi Qafqaz ölkələri arasında əvvəlki əlaqələrin və əməkdaşlığın bərpa olunmasına dair təkliflərinin cavabında qəti şəkildə bəyan etdi: “Ermənistan öz silahlı qüvvələrini işğal etdiyi əzəli Azərbaycan torpaqlarından çəkməyincə, onun təcavüzü nəticəsində pozulmuş ərazi bütövlüyümüz və sərhədlərimizin toxunulmazlığı bərpa olunmayınca, bütün qaçqın və köçkünlərimiz öz doğma ocaqlarına qayıtmayınca, Ermənistanla heç bir əlaqədən, xüsusən də əməkdaşlıqdan söhbət belə gedə bilməz. Bundan əlavə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıdığını rəsmi şəkildə bildirməli və ölkəmizə təcavüzünü etiraf etməlidir”.
Ermənistan parlamenti sədrinin müavini Tiqran Torosyan gülünc doğuran təklif irəli sürdü: “Gəlin, olub-keçəni, umu-küsünü unudaq, xalqlarımızın rifahı, əmin-amanlığı və xoş gələcəyi naminə bütün sahələrdə əməkdaşlıq edək”.
Gürcüstan parlamenti sədrinin müavini Vaxtanq Kolbaya çıxışında istər Gürcüstanın, istərsə də Azərbaycanın müstəqilliyi və suverenliyinin, ərazi bütövlüyünün bütün mötəbər beynəlxalq təşkilatlar, ilk növbədə, BMT tərəfindən tanındığını vurğuladı və dedi ki, həqiqətən, Cənubi Qafqazdakı münaqişələr dincliklə aradan qaldırılmadan, üç dövlət olaraq bir-birimizin müstəqilliyini tanımadan regionda əsl əməkdaşlıq mümkün deyildir.
Təəssüf ki, iclasda tərəflər arasındakı mübahisələrə görə Cənubi Qafqaz Parlament Assambleyası yaradılması haqqında sənəd qəbul edilmədi. Buna baxmayaraq, belə görüşləri davam etdirmək qərara alındı.
İclas başa çatdıqdan sonra mətbuat konfransı keçirildi.
Həmin gün Milli Məclisin nümayəndə heyəti Tbilisinin Dağüstü parkına gedərək, Azərbaycan xalqının burada əbədiyyətə qovuşan şanlı oğullarının məzarlarını ziyarət etdi, əziz və nurlu xatirələrini ehtiramla andı. Deputatlar ölkəmizin Gürcüstandakı səfirliyində də oldular, habelə Gürcüstan parlamentinin azərbaycanlı deputatları ilə görüşdülər.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi