ELM VƏ TƏHSİL
Ceyhun Məmmədov: Təhsilin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ölkə rəhbərinin bu sahəyə qayğısının göstəricisidir
Bakı, 16 may, AZƏRTAC
Prezident İlham Əliyevin mayın 3-də imzaladığı “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi” haqqında Sərəncamı ölkəmizdə ilin əvvəlindən başlayaraq sosial istiqamətdə atılan addımların davamıdır.
Bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov deyib.
O bildirib ki, ulu öndər Heydər Əliyevin strateji kursunun layiqli davamçısı Prezident İlham Əliyevin təhsil sahəsində apardığı islahatlar Azərbaycan xalqının xoş gələcəyinə hesablanıb.
Rektor qeyd edib ki, təhsil hər bir ölkənin, o cümlədən Azərbaycanın da sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz bu kontekstdən yanaşdıqda, ölkəmizdə iqtisadi inkişafın təmin edilməsi, respublikamızın beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsi, təhsil islahatlarının aparılması, təhsil infrastrukturunun əsaslı şəkildə yenilənməsi və Azərbaycan təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının göstəricisidir. Bu sahəyə müasir və çevik yanaşmalar sayəsində təhsil müəssisələrimiz istər keyfiyyət göstəriciləri, istərsə də daha sağlam mənəvi-psixoloji mühitin təmin olunması baxımından ciddi uğurlara imza atır.
Prezident İlham Əliyevin “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə”, “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamları, “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərmanı təhsilin inkişafına yönələn addımların davamlılığının göstəricisidir. Bu sənədlər ümumilikdə 110 min tələbəni əhatə edir. Belə mühüm addımlar tələbələr arasında rəqabət mühitinin formalaşmasında əhəmiyyətli rol oynayır. Ödənişli təhsil alan tələbələrin də təqaüd almaq imkanı əldə etməsi bu rəqabətin daha da artmasına öz müsbət təsirini göstərəcək.
Eyni zamanda, 2019-cu ilin büdcə müzakirələri zamanı dövlət sifarişli yerlərin artırılması haqqında qərarın qəbulu təhsilin inkişafına xidmət edən addımlardandır. Növbəti tədris ilindən təqaüd alanların sayının 12324-dən 20500-ə çatdırılması nəzərdə tutulur.
Ölkə rəhbərinin ilin əvvəlindən başlayaraq imzaladığı müvafiq fərman və sərəncamlar 2019-cu ilin böyük sosial səmərəlilik ili olacağının sübutudur.