ÇEMPİONLAR LİQASININ 1/8 FİNAL İŞTİRAKÇILARI MÜƏYYƏNLƏŞMİŞDİR
Bakı, 10 dekabr (AZƏRTAC). Çempionlar liqasının qrup mərhələsində görüşlər başa çatdıqdan sonra 1/8 finalının iştirakçıları, habelə Avropa liqasında çıxış edəcək 8 komanda müəyyənləşmişdir.
İngiltərə, İspaniya və İtaliya bu yarışlarda maksimum təmsilçi ilə iştirak edəcəklər. Bu ölkələrin hərəsinin 3 komandası çempionlar liqasının birinci pley-off mərhələsində çıxış edəcəkdir. Almaniya və Fransa yarışlarda hərəsi 2, Rusiya, Portuqaliya və Yunanıstan isə 1 komanda ilə təmsil olunacaqdır.
Çempionlar liqasının 1/8 final yarışmasında bu komandalar iştirak edəcəklər: “Mançester Yunayted”, “Çelsi”, “Arsenal” (hamısı İngiltərə), “Real”, “Barselona”, “Sevilya” (hamısı İspaniya), “Milan”, “İnter”, “Fiorentina” (hamısı İtaliya), “Bavariya”, “Ştutqart” (hər ikisi Almaniya), “Bordo”, “Lion” (hər ikisi Fransa), “SSKA” (Rusiya), “Portu” (Portuqaliya), “Olimpiakos” (Yunanıstan).
Avropa liqası yarışlarında daha 8 komanda iştirakını davam etdirir. Bu siyahıya Rusiyanın “Rubin”, İtaliyanın “Yuventus”, Almaniyanın “Volfsburq”, Fransanın “Marsel”, İspaniyanın “Atletiko”, İngiltərənin “Liverpul”, Rumıniyanın “Unirya” və Belçikanın “Standart” komandaları düşmüşlər.
Çempionlar liqasının 1/8 və Avropa liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi dekabrın 18-də İsveçrənin None şəhərində keçiriləcəkdir.
Püşkatma zamanı “səpələmə” prinsipindən istifadə ediləcəkdir.