“Chicago Sun Times” qəzetində ABŞ-Azərbaycan əməkdaşlığı haqqında məqalə dərc edilib
Vaşinqton, 17 yanvar, AZƏRTAC
ABŞ-ın “Chicago Sun Times” qəzetində ABŞ Azərbaycanlıları Şəbəkəsinin üzvü Selma Dənizin Birləşmiş Ştatların qanunvericilərinə və mediasına müraciəti dərc edilib.
Müraciətdə ABŞ-Azərbaycan münasibətləri, iki ölkə arasında enerji əməkdaşlığının inkişafı, “Əsrin müqaviləsi”ndə, neft hasilatında və Azərbaycanda neft yataqlarının işlənməsində “Amoco”, “Pennzoil”, “Chevron”, “ExxonMobil”, “Unocal” kimi iri neft şirkətlərinin iştirakı haqqında məlumat verilir. Həmçinin Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin və “Cənub” qaz dəhlizinin reallaşdırılmasında Birləşmiş Ştatların dəstəyi haqqında məlumat verilir. Müəllif yazır ki, 2014-cü il aprelin 2-də enerji məsələləri üzrə Avropa İttifaqı-ABŞ Şurasında Con Kerri qaz kəmərinin vaxtında tikilməsinə çağıraraq “Cənub” qaz dəhlizi layihəsinin vacibliyini vurğulamışdı. Prezident Barak Obama iyun ayında öz bəyanatında administrasiyanın “Cənub” qaz dəhlizi layihəsini dəstəkləyən mövqeyini, bu layihənin Avropa İttifaqının enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün əhəmiyyətini vurğulayıb.
Sonda ABŞ Azərbaycanlıları Şəbəkəsinin üzvü qanunvericiləri Azərbaycanı və onun tərəfdaşlarını regionda müsbət dəyişiklikləri həyata keçirməkdə və Avropada ABŞ-ın müttəfiqləri arasında iqtisadi əlaqələri möhkəmləndirməkdə dəstəkləməyə çağırır. Məqalə ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətinin ABŞ-Azərbaycan münasibətlərinin vacibliyi barədə məlumatlandırılması ilə bağlı yazılı kampaniyası nəticəsində dərc edilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton