Çilinin müvəqqəti işlər vəkili: Azərbaycanla ticarət mübadiləsini artırmağa çalışacağıq
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan və Çili coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşsələr də, biz Azərbaycanla ticarət mübadiləsini artırmağa çalışacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Ciankarlo Alberti “Çili gecəsi” adlı tədbirdə deyib.
Çilili diplomat Azərbaycan ilə ölkəsi arasında ikitərəfli siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu bildirib. O, Çilinin idman nazirinin Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin 7-ci Beynəlxalq Konfransında və ölkəsinin xarici işlər üzrə baş katibinin Qoşulmama Hərəkatının Nazirlər Toplantısında iştirakını xatırladıb.
Müvəqqəti işlər vəkili qeyd edib ki, bu tədbirlər çərçivəsində Çili və Azərbaycan hökumətləri arasında çoxtərəfli forumlar üzrə qarşılıqlı dəstək sazişləri imzalanıb.
"Çili Senatının İnsan hüquqları və Xarici əlaqələr komissiyalarının sədrinin, eləcə də Xarici İşlər Nazirliyinin İnsan hüquqları şöbəsinin ekspertinin itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransda iştirak etmək üçün bu həftəsonu Bakıya səfəri nəzərdə tutulur. Səfər Çili üçün bu mövzunun nə qədər aktual olduğunu göstərir. Əminik ki, bundan sonra da Azərbaycanla bu sahədə əməkdaşlıq edə bilərik", - deyə çilili diplomat diqqətə çatdırıb.
Qeyd edək ki, Çilinin Azərbaycandakı səfirliyi tərəfindən Bakıda bu ölkənin milli yeməklərinin tanıdılması məqsədilə təşkil edilən “Çili gecəsi” tədbirində qonaqlar yeni təamlar, ölkənin mədəniyyəti, adət və ənənələri ilə tanış olublar.