Çimərlik futbolu üzrə muxtar respublika çempionatının 1/4 final mərhələsinə start verilib
Naxçıvan, 25 avqust, AZƏRTAC
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Çimərlik Futbolu Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən çimərlik futbolu üzrə muxtar respublika çempionatının növbəti oyunları olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu dəfə meydana 1/4 final mərhələsinə yüksələn komandalar çıxıb. Reqlamentə əsasən çempionatın bu mərhələsində ilk olaraq “B” qrupunu lider kimi başa vuran “Şahinlər” komandası “D” qrupunun ikincisi “Antiinhisar” komandası ilə üz-üzə gəlib. Görüş “Şahinlər” komandasının qələbəsi ilə başa çatıb - 9:1.
Sonra “Panter” və “Prestij” komandaları qarşılaşıb. Gərgin keçən oyunda qələbə qazanan tərəf “Panter” komandası olub - 8:4.
Qrup mərhələsini lider kimi başa vuran “Badamlı” komandası ilə “C” qrupunun ikincisi “Hava Limanı” komandasının görüşündə 4:3 hesablı qələbə qazanan “Badamlı” komandası növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, 1/4 final mərhələsinin son görüşü bu gün keçiriləcək. Saat 17:00-da başlayacaq görüşdə meydana “Aralıq” və Naxçıvan Dövlət Universitetinin komandaları çıxacaq.