Çin Xarici İşlər Nazirliyinin yaranmasının 70 illik yubileyi qeyd olunub
Pekin, 29 noyabr, AZƏRTAC
Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin yaranmasının 70 illik yubileyi münasibətilə Pekində mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə yerli rəsmilərlə yanaşı, xarici ölkələrin Pekindəki səfirləri, o cümlədən Azərbaycanın ÇXR-dəki səfiri Əkrəm Zeynallı, Çinin veteran diplomatları iştirak ediblər.
Çin Dövlət Şurasının üzvü, Xarici İşlər naziri Van İ mərasimdə çıxış edərək, ölkəsinin xarici siyasət idarəsinin ötən 70 ildə keçdiyi yoldan danışıb, ÇXR-in xarici ölkələrlə münasibətlərinin qarşılıqlı hörmətə, beynəlxalq hüququn norma və prinsiplərinə söykəndiyini deyib.
Sonra ÇXR xarici siyasət idarəsinin 70 illik yubileyinə həsr olunan film nümayiş etdirilib. Filmdə Çin-Azərbaycan münasibətlərinə dair məqamlar da əksini tapıb.
Yubiley mərasimində Çin, Azərbaycan və Rusiyanın incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub. Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri - Əməkdar artistlər Ceyhun Qubadov (ansamblın baletmeysteri) və Viktoriya Şahmuradova, rəqqaslar Ramin Hüseynov və Anastasiya Matsveykonun ifasında “Qaytağı”, “Cəngi” rəqsləri, beynəlxalq müsabiqələr laureatı, tarzən Rüfət Həsənovun ifasında “Çahargah” rapsodiyası maraqla qarşılanıb.
Qeyd edək ki, Heydər Əliyev Fondu Azərbaycanın incəsənət ustalarının yubiley mərasimində iştirakına dəstək verib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin