Çinin Honkonq bölgəsində qanunsuz aksiyalar zamanı maska taxılması qadağan edilib
Pekin, 4 oktyabr, AZƏRTAC
Çinin Honkonq xüsusi inzibati bölgəsinin hökuməti qanunsuz aksiyalar zamanı aksiya iştirakçılarının simalarını gizlədən maskalar taxılmasını qadağan edən xüsusi qanun layihəsini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Honkonq hökumətinin rəhbəri Kəri Ləm oktyabrın 4-də keçirdiyi mətbuat konfransında məlumat verib. Oktyabrın 5-də qüvvəyə minəcək qanun layihəsinin hazırlanmasında məqsəd hüquq-mühafizə orqanlarının əməkdaşlarına zorakı aktları törədənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün kömək etməkdir. Oxşar qanunlar bir çox ölkələrdə, o cümlədən ABŞ, Kanada, Fransa, İsveç, Almaniyada var.
Bu qanunun insanların hüquq və azadlıqlarını pozmadığını bildirən Honkonq Qanunvericilər Şurasının üzvü Elizabet Kuat deyib ki, qanun icazəli aksiyalar zamanı sakinlərin maska taxılması qadağan etməməklə yanaşı, onun tətbiqi zamanı bəzi istisnalara da şərait yaradır. Məsələn, əgər kimsənin dini və ya tibbi səbəblərdən dolayı üzünü örtülü saxlamaqla bağlı rəsmi icazəsi varsa, qanun onlara şamil edilməyəcək.
Qeyd edək ki, Honkonqda ekstradisiya haqqında qanuna təklif olunan düzəlişə etiraz olaraq iyun ayından bəri aksiyalar keçirilir. Aksiyaların gedişində etirazçılar ciddi iğtişaşlar törədib, polislərə, şəhərdəki dövlət binalarına və özəl binalara ciddi ziyan vurublar. Sentyabrın 4-də Çinin Honkonq xüsusi inzibati bölgəsi icraçı hökumətinin rəhbəri Kəri Lam ekstradisiya haqqında qanuna təklif olunan düzəlişin geri götürüldüyünü elan edib. Buna baxmayaraq, etirazçılar həmin qərardan sonra da qanunsuz aksiyalarını davam etdirirlər. İğtişaşlarda iştirak edənlərin bir çox hallarda sifətlərini gizlətmək üçün maskalardan istifadə etmələri hüquq-mühafizə orqanlarının əməkdaşlarının zorakılıq aktları ilə bağlı təhqiqat aparmalarına çətinlik yaradıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin