SİYASƏT
Çinli professor: Çin Azərbaycanın Qafqaz regionundakı rolunu yüksək qiymətləndirir
![Çinli professor: Çin Azərbaycanın Qafqaz regionundakı rolunu yüksək qiymətləndirir](/files/2024/1/1200x630/1705048469319993520_1200x630.jpg)
Pekin, 12 yanvar, AZƏRTAC
Çin Azərbaycanın Qafqaz regionundakı rolunu yüksək qiymətləndirir.
Bu fikri AZƏRTAC-ın xüsusi müxbirinə açıqlamasında Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun Mərkəzi Asiya və Qafqaz şöbəsinin müdiri Can Nin bildirib.
Azərbaycanın regionda Çin üçün çox vacib tərəfdaş olduğunu bildirən tədqiqatçı əlavə edib ki, region dedikdə təkcə Cənubi Qafqaz deyil, Yaxın Şərqi, Mərkəzi Asiyanı əhatə edən olduqca böyük bir bölgədən söhbət gedir. Azərbaycan məhz belə bir böyük regionda vacib rol oynayır.
“Biz Azərbaycanla əməkdaşlığı dəyərləndiririk və arzu edirik ki, Çin ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatsın”, - deyən professor Can Nin əlavə edib ki, rəhbərlik etdiyi şöbə Cənubi Qafqaz, o cümlədən Azərbaycanla bağlı geniş araşdırmalar aparır. Bu istiqamətdə hazırda Azərbaycan tarixinə dair kitab Çin dilinə tərcümə olunur.
“Biz Azərbaycan tarixini Çin xalqına, oxucusuna təqdim etmək istəyirik. Çünki Azərbaycan böyük tarixi olan ölkədir. Ona görə də istəyirik ki, Çin xalqı Azərbaycanı daha yaxından tanısın”, - deyə tədqiqatçı alim bildirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin