CİNSİ ŞALVARIN YUYULMASI YER KÜRƏSİNƏ BAHA BAŞA GƏLƏ BİLƏR?
AZƏRTAC Londonun “Qardian” qəzetinə istinadla xəbər verir ki, cinsilərin ekologiyaya təsiri haqqında məruzənin müəllifləri bu nəticəyə gəlmişlər. Məruzə Fransa Ətraf Mühit Nazirliyinin sifarişi ilə hazırlanmışdır. Onlar 600 qram denimdən və 38 qram poliesterdən hazırlanmış, 4 il ərzində həftədə bir dəfə geyilən, iki dəfə geyiləndən sonra paltaryuyan maşında yuyulan və geyilməzdən əvvəl ütülənən “ortastatistik” cinsiləri tədqiq etmişlər.
“Bio İntellcens servis” şirkətinin apardığı tədqiqatda materialın istehsalı mərhələsindən başlamış məmulatın gündəlik geyiminədək cinsi şalvarların “həyat silsiləsi” öyrənilmişdir.
Alimlərin fikrincə, əgər cinsisevər fransızlar ətraf mühitin mühafizəsi ilə bağlı ciddi qanunların fəaliyyət göstərdiyi Avropadan çox da uzaq olmayan ölkədə pambıqdan hazırlanan cinsi paltar alsalar, onda ətraf mühitə daha az ziyan vurmuş olarlar. Maşınla yuma, maşınla qurutma və ütüləmə cinsilərin ətraf mühitə vurduğu ziyanı 47 faiz artırır, çünki bu əməliyyatlara ildə 240 kilovat-saat enerji sərf olunur ki, bu da bir saat ərzində 60 vattlıq 4 min elektrik lampasının yanmasına bərabərdir.