“Cisco”nun Bakı forumu keçirilib
Bakı, 26 may, Xatirə Cəfərova, AZƏRTAC
Mayın 26-da Bakıda “Cisco” şirkətinin “Verilənlərin Emalı Mərkəzi (VEM) və təhlükəsizlik: dəyişikliklər astanasında mövzusunda forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Cisco”nun Azərbaycan ofisinin rəhbəri Vladimir Orlov informasiya təhlükəsizliyi sahəsində mövcud olan və VEM üçün nəzərdə tutulan müasir “Cisco” həlləri, həmçinin onların əsas rəqabət üstünlükləri haqqında məlumat verib.
Forumda “Cisco”nun və tərəfdaş şirkətlərin nümayəndələri çıxış ediblər, iki texnoloji istiqamət üzrə - “Verilənlərin emalı mərkəzləri” və “İnformasiya təhlükəsizliyi” üzrə sessiya və təqdimatlar keçirilib.
Qeyd olunub ki, “Cisco” informasiya təhlükəsizliyi bazarında dünyanın qəbul olunmuş lideri hesab edilir. Şirkət son illərdə virtuallaşdırılmış mühit, kontent və mobil cihazların qorunması, şəbəkə çıxışına və proqramlara nəzarət, zərərli kodlarla mübarizə və s. bu kimi əməliyyatlar üçün nəzərdə tutulan bir sıra yeni həllər buraxmaqla sözügedən sahədə böyük irəliləyişə nail olub.
Bakı forumunun iştirakçıları “Cisco”nun müxtəlif təhlükələrlə effektiv mübarizə aparmağa imkan verən yeni təhlükəsizlik modeli ilə tanış olublar. Çıxış edənlər müasir virtuallaşdırılmış VEM-lərin təhlükəsizliyi və fərdi və korporativ cihazların mobil çıxışının təmin edilməsi kimi maraqlı məsələlərdən bəhs ediblər.
Bildirilib ki, şirkət “bulud” texnologiyalarına və “Big Data”-ya (böyük məlumatlar) hazır virtuallaşdırılmış, miqyaslanan VEM infrastrukturu sahəsində də liderlik edir. Forum iştirakçıları “Cisco ACI” adlı VEM şəbəkə infrastrukturunun konsepsiyası ilə tanış olublar. Bundan əlavə, dinləyicilər iri korporasiyalarda, ictimai sektor təşkilatlarında, kiçik və orta müəssisələrdə və mobil operatorlar bazarında VEM-lərin yaradılması üçün aparıcı həllərə çevrilmiş “Nexus” və UCS məhsullar ailələri haqqında ətraflı məlumat əldə ediblər. “Cisco” mütəxəssisləri “Cisco UCS Director” adlı proqram məhsulu haqqında danışıblar.
Məlumat verilib ki, bu proqram hazırda informasiya texnologiyaları üzrə təşkilatlarda çalışan mütəxəssislərin əl ilə həyata keçirdiyi uzun sürən və mürəkkəb prosesləri avtomatlaşdırmağa imkan verir.
“Cisco”nun Bakı forumu informasiya texnologiyaları sənayesi liderlərinin dəstəyilə təşkil olunub. MDB, Latın Amerikası, Hindistan və Cənub-Şərqi Asiya bazarlarında fəaliyyət göstərən və müxtəlif informasiya texnologiyaları üzrə həll və xidmətlərin qlobal təchizatçısı olan “Softline” şirkəti forumun qızıl sponsorudur. Verilənlərin saxlanılması sistemlərinin aparıcı istehsalçılarından biri “NetApp” şirkəti "Verilənlərin emalı mərkəzləri" adlı tematik istiqamətin sponsoru statusunu əldə edib. Şərqi Avropa və Qafqaz ölkələrinin bazarlarında konsaltinq, sistem inteqrasiyası, proqram tətbiq etmələrinin və coğrafi informasiya sistemlərinin işlənib hazırlanması sahəsində həllər təqdim edən R.I.S.K. şirkəti forumun platin sponsorudur.