Coğrafiya İnstitutunda iranlı həmkarlarla onlayn görüş
Bakı, 19 may, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə İranın Təbriz Universiteti arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən onlayn görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tanışlıq məqsədi daşıyan distant görüşdə tərəflər elmi müəssisələrin tarixi, fəaliyyət istiqamətləri, son illərdə qazanılmış nailiyyətlər, gələcək planlar, eləcə də COVID-19 epidemiyası ilə əlaqədar karantin dövründə əməkdaşların işinin təşkili haqqında məlumatlarla bölüşüblər.
Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, qlobal iqlim dəyişmələri, su çatışmazlığı, ərazilərdə təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması, ətraf mühitin mühafizəsi, ekologiya, landşaft planlaşdırılması, CİS texnologiyalarının tətbiqi, Xəzər dənizinin tədqiqi və s. təşkilatın prioritet mövzularıdır.
İnstitutun dövlət proqramlarının hazırlanması və icrasında rolundan söz açan direktor əməkdaşların son aylar ölkə üzrə tərtib etdikləri irimiqyaslı rəqəmsal ekoloji risklər xəritəsi və “COVID-19: Azərbaycanın real zamanlı monitorinq sistemi”nin tətbiqi haqqında xüsusi olaraq məlumat verib.
Elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov Azərbaycanda iqlim və aqroiqlim sahəsində tədqiqatlardan, iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirindən söhbət açıb.
İqlim dəyişmələri, coğrafi informasiya sistemləri, landşaft planlaşdırılması, ətraf mühitin mühafizəsi və s. sahələrin Təbriz Universitetində geniş tədqiq edildiyini deyən iranlı alimlər bu sahədə nailiyyətləri vurğulayıblar. Bildirilib ki, İranın ikinci ən böyük təhsil müəssisəsi olan Təbriz Universitetində tələbələr üçün hər cür şərait yaradılıb. Onlar təhsil almaqla yanaşı, elmi tədqiqatlar da aparırlar.
Akademik Ramiz Məmmədov və Təbriz Universiteti Planlaşdırma və ətraf mühit departamentinin rəhbəri, professor Behruz Sari Sarraf yaxın günlərdə konkret mövzu ətrafında onlayn keçiriləcək müştərək elmi seminarın əməkdaşlıq baxımından faydalı olacağını deyiblər.
Tədbirin AMEA prezidenti akademik Ramiz Mehdiyevin postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrlə bağlı fəaliyyət planına uyğun olaraq, iqlim dəyişikliklərinin yaratdığı fəsadların öyrənilməsi mövzusuna həsr edilməsi hər iki müəssisə tərəfindən razılıqla qəbul edilib.