Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib
Bakı, 20 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmraninin sədrliyi ilə Elmi şuranın növbəti iclası keçirilib.
Coğrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, sədr gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış etdikdən sonra Geomorfologiya və təbii risklər şöbəsinin müdiri coğrafiya elmləri doktoru Stara Tarixazər şöbənin 75 illiyi münasibətilə çapa hazırladığı “Coğrafiya elmində Azərbaycan geomorfoloqları” adlı kitab haqqında geniş məlumat verib. Sonra görkəmli geomorfoloq alimlərin elmi yaradıcılığına həsr edilmiş videoçarx nümayiş etdirilib.
İnstitutun aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Ceyhun Qasımov Geomorfologiya şöbəsinin fəaliyyəti barədə çıxış edib. Sonra bu şöbənin aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Samirə Abuşova özünün “Kiçik Qafqazın ekogeomorfoloji şəraitinin tədqiqi” kitabı barədə məlumatla çıxış edib.
Elmi şura hər iki kitabın çapa təqdim edilməsi barədə qərar qəbul edib.
İclasda, həmçinin 6-11-ci siniflər üçün atlasa və “Azərbaycan Respublikasında ekocoğrafi şəraitin təsiri ilə xəstəliklərin yayılmasının tədqiqi” kitabına rəyçilərin təyin olunması məsələsinə baxılıb, yeni elmi-tədqiqat mövzuları müzakirə olunaraq təsdiq edilib.