Con Çembers: Rəqəmli dövrə keçid üçün şirkətlər öz bizneslərini yenidən qurmalıdır
Bakı, 22 iyun, AZƏRTAC
İnformasiya dövründən rəqəmli dövrə keçid bütün sahələrə olduqca yüksək sürətlə təsir edir. “Gartner” təşkilatının proqnozlarına əsasən, rəqəmləşdirmə təşəbbüslərinin yalnız 30 faiz uğurlu olacaq. Müvəffəqiyyətsizliyə uğramamaq üçün şirkətlər öz bizneslərini yenidən qurmalıdır .
AZƏRTAC xəbər verir ki, bu barədə “Cisco” şirkətinin direktorlar şurasının sədri, baş icraçı direktoru Con Çembers məlumat verib.
Qeyd olunub ki, 2020-ci ilədək şirkətlərin 75 faizi artıq rəqəmli və ya rəqəmləşməyə hazır olacaq. On doqquz trilyon dollar gəlir vəd edən hərtərəfli internetin üstünlüklərindən bəhrələnə bilməyən şirkətlər isə axıra qalacaq. Elə ona görə də hər şeyə yenidən baxılmalıdır. Rəhbərliyin əsas vəzifəsi ondan ibarətdir ki, onlar öz şirkətlərinin rəqəmli gündəliyini müəyyənləşdirməli, tam fərqli düşünməli və köklü dəyişikliyə aparan texnoloji qərarları qəbul etməlidirlər. Ən sadəsi elə biznesin texnoloji rəqəmləşdirilməsidir. Çətinliklər təşkilati dəyişikliklərin həyata keçirilməsi zamanı gündəmə çıxır. Daim irəlidə olmaq istəyənlər sürət, innovasiyalar və yekun nəticələr kimi meyarları rəhbər tutmalıdırlar.
“Cisco”daki təşkilati dəyişikliklər bir neçə il davam edib və bütün çətinliklərə baxmayaraq istənilən nəticələr əldə olunub.