“COVID-19 pandemiyası dövründə startap hərəkatı: çağırışlar və imkanlar” adlı onlayn konfrans olub
Bakı, 19 sentyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Britaniya Şurası (“British Council”) ilə birlikdə “COVID-19 pandemiyası dövründə startap hərəkatı: çağırışlar və imkanlar” mövzusunda konfrans keçirib.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, konfransda mərkəzin icraçı direktoru Vüsal Qasımlı və Britaniya Şurasının ölkə üzrə direktoru Summer Xia açılış nitqi ilə çıxışlar ediblər. Daha sonra “New Castle” Universitetinin professoru Matthew Gorton “COVID-19 pandemiyasının startap biznes modelinə təsiri”, “Unimetal and ProMetal Group” şirkətinin icraçı direktoru Rüfət Əzizov “COVID-19 böhran idarəçiliyində biznesin davamlılığının mərhələləri”, “Founder Institute”nin yerli direktoru Cəfər Nəcəfov “COVID-19 pandemiyası dövründə uğurlu startapa necə başlamalı”, “Creative Spark” Proqramı və “EnterpriseAzerbaijan” portalının koordinatoru Oruc Dursunzadə isə “COVID-19 pandemiyası dövründə “enterpriseazerbaijan.com” portalının startapların inkişafında rolu” mövzularında təqdimatlar ediblər.
Pandemiya digər sahələrlə yanaşı, startapları da yeni reallıqlarla qarşı-qarşıya qoyub. Tədbirin əsas məqsədi ölkədə fəaliyyət göstərən startapların pandemiya dövründə üzləşdikləri çağırışlara adekvat strategiyaların hazırlanmasına və pandemiyanın mümkün təsirlərinin azaldılmasına töhfə verməkdir. Bu isə öz növbəsində startapların postpandemiya dövründə davamlı və dayanıqlı inkişafa nail olmaq deməkdir.