“Creative Spark” proqramı çərçivəsində yekun Forum təşkil edilib
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də "British Council" “Creative Spark” proqramı çərçivəsində “Ali təhsil müəssisəsi” mövzusunda yekun Forum təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə "British Council”in tərəfdaşları, təhsil işçiləri və tələbələr iştirak ediblər.
Əvvəlcə çıxış edən Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld Azərbaycanın nəhəng yaradıcı potensiala malik ölkə olduğunu vurğulayıb.
O deyib: “Altı aydır ki, Azərbaycandayam. Sahibkarlıq sahəsində Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf etməkdədir. Biz Azərbaycanda iqtisadi sahəyə də töhfə vermişik”.
Tədbir zamanı iştirakçılara Azərbaycanda və Birləşmiş Krallıqda beşillik “Creative Spark” proqramının icrası dövründə sahibkarlıq təhsili sahəsində həyata keçirilmiş təşəbbüslər və qabaqcıl təcrübələr barədə məlumat verilib.
Qeyd olunub ki, “Creative Spark” proqramı 2018-ci ildən başlayan beşillik təşəbbüsdür. Proqramın məqsədi Azərbaycan da daxil olmaqla yeddi ölkədə Böyük Britaniyanın tərəfdaşlıq yolu ilə ali təhsil müəssisələrində sahibkarlıq bacarıqlarını inkişaf etdirməkdir. Proqramın əsas benefisiarları universitet tələbələri, məzunlar, təhsil işçiləri və inkişaf etməkdə olan sahibkarlardır.
Bu proqram yeddi ölkədə tələbələr və gənc sahibkarlar arasında sahibkarlıq bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilir, həmçinin Birləşmiş Krallığın universitet və təşkilat tərəfdaşlıqlarını dəstəkləmək üçün beşillik (2018- 2023) təşəbbüsdür.
“Creative Spark” Tərəfdaşlıq Fondu korporativ təhsili dəstəkləmək və müəssisə mərkəzləri yaratmaq üçün Birləşmiş Krallıqda və proqram ölkələrindəki universitetlərdə, yaradıcı institutlarda tərəfdaşlıq qurmaq üçün hazırlanıb. “Creative Spark” şəbəkəsi 122 qurum və 50 tərəfdaşlığa malikdir. Bu günə qədər proqrama seminarlar, təlim düşərgələri, müəssisə təlimləri inkubasiya tədbirləri və ingilis dili kursları da daxil olmaqla fəaliyyət vasitəsilə 760 min tələbə cəlb edilib.
Digər çıxış edənlər- Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova, Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “EnterpriseAzerbaijan” portalının rəhbəri Mətanət Musayeva və Böyük Britaniyanın aparıcı tərəfdaş universitetlərindən olan Nyukasl, Middlesex və Qrinviç universitetlərindən olan ekspertlər və digərləri “Creative Spark” proqramı haqqında danışıblar. Bu proqramın uğurlu olmasını qeyd ediblər. Azərbaycanda təhsil sahəsində həyata keçirilən təşəbbüslərdən və qabaqcıl təcrübələrdən danışıblar. Sahibkarlıq təhsilinin inkişaf etdirilməsi məsələsi müzakirə olunub.
Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin, ADA Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Musiqi Akademiyasının nümayəndələri də çıxış edərək tədbir haqqında öz fikirlərini bölüşüblər.