Daha 43 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə evlər verilib
Biləsuvar, 28 dekabr, AZƏRTAC
Dekabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkənin bir sıra rayonlarında daha 43 fərdi ev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim olunub.
Biləsuvar rayonunda fərdi evlərin təqdim edilməsi tədbirində Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısı nəticəsində bu qruplarla bağlı bütün sosial proqramların, həmçinin şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin evlə təminatı proqramının 2020-ci ildə daha da genişləndirildiyi vurğulanıb.
Şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən torpaqlarımızın işğaldan azad edilməsindən, erməni faşizmi üzərində əldə olunmuş tarixi zəfərdən fərəh və iftixarla bəhs ediblər. Onlar bu qələbənin tariximizə qızıl hərflərlə həkk olunduğunu və gələcək nəsillərin də bu zəfərlə daim qürur duyacaqlarını qeyd ediblər.
Tədbirdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin evlə təminatı proqramının bu il 1500 ailəni əhatə etməsinin nəzərdə tutulduğu, artıq 1400-ə yaxın mənzil və fərdi evin bu kateqoriyadan olan vətəndaşlara verildiyi bildirilib. Ümumilikdə, indiyədək 9 minədək şəhid ailəsinin, müharibə əlilinin evlə təmin edildiyi diqqətə çatdırılıb.
Bu kateqoriyalardan olan vətəndaşlara yönələn sosial ödənişlərin də mütəmadi artırıldığı, Vətən müharibəsində şəhid olanların ailələri, müharibə iştirakçıları ilə bağlı sosial dəstək işlərinin aparıldığı qeyd edilib. Minlərlə insanın artıq sosial dəstəklə təmin edildiyi, bu sahədə də işlərin davam etdiyi bildirilib.
Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onlara qayğının artırılması üçün görülən işlərə və bu gün yeni evlərlə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.