Daha iki Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
Bakı, 28 avqust, AZƏRTAC
Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, avqustun 27-28-də yeniyetmə qızlar mübarizəyə qoşulub. Azərbaycanın qadınlardan ibarət yığma komandasının böyük məşqçisi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında Zelfira Ələkbərli (38 kq), Ülkər Babayeva (43 kq), Səbinə Həmzəlzadə (49 kq), Leyla Qurbanova (52 kq) və Şəbnəm Əhmədova (56 kq) ölkəmizi təmsil edir.
Çempionatın üçüncü günündə 38, 43, 49, 56 və 65 kq çəki dərəcəsində qızlar mübarizə aparıb. Azərbaycan güləşçiləri 4 çəkidə yarışıb. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub.
38 kq-da mübarizə aparan Zelfira Ələkbərli yarışa dörddəbir finaldan qoşulub. Hindistanlı idmançıya uduzan güləşçimiz rəqibin finala çıxması ilə bürünc medal şansı əldə edib. Həlledici görüşdə Türkiyə idmançısına 57 saniyə ərzində təmiz qələbə ilə qalib gələn güləşçimiz Dünya çempionatının bürünc medalına yiyələnib.
56 kq çəki dərəcəsində güləşçimiz Şəbnəm Əhmədova yarımfinala qədər inamla irəliləyib və ardıcıl olaraq Polşa, Meksika və ABŞ-dan olan rəqiblərini məğlub edib. Üç görüşdə rəqiblərinə bir xal belə verməyən güləşçimiz yarımfinalda Rusiya təmsilçisinə uduzub. Şəbnəm Əhmədova bürünc medal uğrunda həlledici görüşdə Macarıstanlı rəqibinə qalib gəlib və mundialı üçüncü sırada tamamlayıb.
Xatırladaq ki, dünya çempionatının ilk iki günündə mübarizə aparan yeniyetmə yunan-Roma güləşçiləri yarışı 3 bürünc (Fail İsgəndərov - 42 kq, Xancavad Məcidzadə - 50 kq, Ülvi Qənizadə - 69 kq) medalla başa vurub.
Qeyd edək ki, avqustun 4-dən 9-dək Serbiyada keçirilən yeniyetmələrin Avropa çempionatında qızlardan ibarət yığmamız 1 gümüş (Zelfira Ələkbərli - 38 kq) və 1 bürünc (Aynur Camalova - 43 kq) medal qazanıb.