“Danışan gəlincik” tamaşasına ictimai baxış keçirilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın ictimai baxışı keçirilmişdir. Klassik Azərbaycan yazıçısı, Əməkdar İncəsənət Xadimi Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış “Danışan gəlincik” balaca tamaşaçılar üçün nəzərdə tutulmuşdur.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iki hissəli nağıl-tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Əməkdar İncəsənət Xadimi Gövhər Həsənzadə, rejissoru Müşfiq Əliyevdir.
Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, aktyorlar Günel Məmmədova, Simuzər Ağakişiyeva, Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva, Elşən Hacıbabayev, Anar Seyfullayev, Mehriban Hüseynova və başqaları iştirak etmişlər.
Şahzadə olduğuna görə heç kimlə oynamağa icazə verilməyən və özünü tənha hiss edən Rəmziyyə bu təkliyi ancaq yuxuya gedən zaman unudur. Hər gün röyalarında danışan gəlinciklər görən və özünü çox xoşbəxt hiss edən qızcığaz valideynlərindən tələb edir ki, ona danışan gəlincik alsınlar. Əlacsız qalan valideynlər dayə və vəzirin çıxış yolu kimi görünən təklifini qəbul edirlər...
Tamaşa varlı şah sarayı və kasıb daxması olan iki ayrı ailənin paralel həyat tərzini əks etdirir.
Tamaşanın premyerası noyabrın 16-da saat 12-də və 15-də olacaqdır.