DAŞKƏNDDƏ F.SƏFƏROVUN 70 İLLİYİ QEYD EDİLMİŞDİR
Əlişir Nəvai adına Daşkənd Dövlət Opera və Balet Teatrında Azərbaycanın və Özbəkistanın xalq artisti Firudin Səfərovun 70 illiyi münasibətilə təntənəli yubiley gecəsi keçirilmişdir. Gecədə Özbəkistan Prezident Aparatının və hökumətin nümayəndələri, xarici diplomatlar, Daşkənddəki səfirliyimizin əməkdaşları, Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının rəhbərləri, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.
Özbəkistan Prezident Aparatının məsul işçisi Əhmədcan Meribayev “Əmək şöhrəti” ordenini Firudin Səfərova təqdim etmiş, ona daha böyük yaradıcılıq uğurları arzulamışdır.
Özbəkistanın mədəniyyət naziri Bəhram Qurbanov həmyerlimizin Özbəkistan opera sənətinin inkişafındakı xidmətlərindən danışmışdır. O demişdir:
- Firudin Səfərov Bakı və Daşkənd opera və balet teatrlarında 60-a yaxın əsərə səhnə həyatı vermişdir. Böyük Üzeyir Hacıbəyovun Bakı teatrında uzun illərdən bəri oynanılan “Koroğlu”, “Leyli və Məcnun” operalarının quruluşçu rejissoru F.Səfərovdur. O, Daşkənd teatrında 30-a yaxın əsərin tamaşasını hazırlamışdır. F.Səfərovu Türkiyədə, Odessa, Voronej, Samara, Almatı şəhərlərində də alqışlamışlar. M.Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasının professoru kimi onun gənc opera rejissorlarının hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur.
Mərasimdə Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlunun, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun, habelə Almatı, Odessa, Samara, Voronej və digər şəhərlərdən alınmış təbrik teleqramları oxunmuş, görkəmli bəstəkarımız, xalq artisti Arif Məlikovun videotəbriki göstərilmişdir. Ölkəmizin Özbəkistandakı səfiri Aydın Əzimbəyovun, Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının sədri Akif Ağatalıbovun da təbrik məktubları oxunmuşdur.
Mərasimin sonunda F.Səfərov çıxış edərək, diqqət və qayğıya görə Özbəkistan hökumətinə, Azərbaycanın Özbəkistandakı səfirliyinə, Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının rəhbərlərinə minnətdarlığını bildirmişdir.
Sonda F.Səfərovun səhnəyə qoyduğu əsərlərdən parçalar göstərilmişdir.