Daşkəsəndə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual yarış keçirilib
Daşkəsən, 18 aprel, Vüsalə Cənnətova, AZƏRTAC
Daşkəsən rayonunun ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual yarış keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayon icra hakimiyyətinin, Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışında hər birində 4 iştirakçı olmaqla, 9 komanda 2 mərhələdə birincilik uğrunda mübarizə aparıb. İştirakçılara Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, ölkəmizin hüquqi, dünyəvi dövlət quruculuğunda keçdiyi tarixi yol, suverenliyimizin və ərazi bütövlüyümüzün qorunması, Vətən müharibəsində qazanılan böyük Zəfər, şəhidlərimiz, habelə müxtəlif mövzularla bağlı suallar ünvanlanıb. Maraqlı və gərgin mübarizə şəraitində keçən intellektual yarışda qalib komandalar müəyyənləşib və mükafatlandırılıb.