DAŞKƏSƏNLİLƏR RAYONUN 60 İLLİK YUBİLEYİNİ YÜKSƏK SOSİAL-İQTİSADİ GÖSTƏRİCİLƏRLƏ QEYD ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, ümumi sahəsi 1019 kvadratkilometr, əhalisinin sayı 32 min nəfər olan, yeraltı və yerüstü sərvətləri, müalicə əhəmiyyətli bitkiləri, saf bulaqları ilə tanınan Daşkəsənin 60 yaşı tamam olmuşdur.
Dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə yerləşən bu rayon həm də dəmir filizi, alunit, kobalt, ağ mərmər, qızıl və zəy yataqları ilə zəngindir. Lakin uzun illər bu təbii xəzinədən yararlana bilməyən rayon sakinləri yoxsulluq içərisində yaşamışlar. Yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra xalq sərvətlərinə sahib olmuşdur.
Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Daşkəsən durğunluqdan yaxa qurtarmış, inkişaf edən rayonlar sırasına çıxmışdır. İndi rayonun ən ucqar kəndlərinə yollar çəkilir, insanların məşğulluğunun təminatı üçün yeni iş yerləri açılır.
Daşkəsənlilər bu qayğıya cavab olaraq öz əzmkarlıqlarını artırır, yaxşı işləri ilə yaşadıqları rayonun iqtisadi inkişafına təkan verirlər. Bu günlərdə 13 nəfər rayon sakininin ölkə başçısı tərəfindən fəxri adlara layiq görülməsi onlarda ruh yüksəkliyini daha da artırmışdır. Bütün bu nailiyyətlərə görə ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevə minnətdar olan daşkəsənlilərin rayonun 60 illik yubileyi təntənələrində ilk ziyarət etdikləri müqəddəs məkan ümummilli liderimizin abidəsi olmuşdur. Rayon ictimaiyyətinin nümayəndələri abidə öününə əklil və tər çiçəklər qoymuş, ulu öndərin xatirəsinə dərin ehtiramlarını bildirmişlər. Sonra bu dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən muzeydə tarixi anları əbədiləşdirən fotoşəkillərə baxış olmuşdur.
Yubiley tədbirində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun rayonun 60 ildə keçdiyi yoldan bəhs edən məruzəsi dinlənildikdən sonra rayon ağsaqqalları, ziyalılar çıxış edərək ürək sözlərini söyləmişlər.
Yubiley tədbiri rayon incəsənət ustalarının çıxışı ilə başa çatmışdır.