Daxili İşlər Nazirliyində polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin qalibləri ilə görüş keçirilmişdir
Bakı, 28 fevral (AZƏRTAC). Fevralın 28-də respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin qalibləri ilə görüşmüşdür.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbiri giriş sözü ilə açan nazir qalibləri təbrik edərək son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin həyata keçirilməsində də böyük uğurların qazanıldığını, dövlətimizin başçısının çıxış və nitqlərində Azərbaycanın parlaq gələcəyinin yüksək intellektə, sağlam dünya görüşünə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğuladığını bildirmişdir.
Ölkə rəhbərliyinin gənclərə daim böyük diqqət və qayğı göstərdiyini xatırladan nazir yüksək mənəvi və iş keyfiyyətlərinə malik bacarıqlı və istedadlı gənclərin ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları, onların dövlət idarəçiliyində xidmətdə irəli çəkilməsi üçün bütün zəruri addımların atıldığını və eyni zamanda respublikanın daxili işlər orqanlarının şəxsi heyətinin 28 faizinin məhz gənc əməkdaş olduğunu diqqətə çatdırmışdır.
Nazir demişdir ki, respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan 473 nəfər daxili işlər orqanlarında xidmətə qəbul üçün müraciət etmiş, onlardan “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş tələblərə cavab verən 314 namizəd Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarına buraxılmışdır. Qaydalara əsasən, test imtahanlarında 100 mümkün baldan 65 və daha çox bal toplamış 82, o cümlədən 46 ali hüquq, 36-sı ali pedaqoji təhsilli gənc bu çətin sınaqdan uğurla çıxmışdır.
Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev daxili işlər orqanlarında xidmətə qəbulun yekun nəticələri barədə tədbir iştirakçılarına məlumat vermişdir. O, qeyd etmişdir ki, xidmətə qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi məqsədilə “Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin elan edilməsi Qaydaları”na əsasən respublikanın polis orqan və hissələrində vakant vəzifələrə qəbul üçün kütləvi informasiya vasitələrində, o cümlədən mərkəzi, yerli telekanallarda və qəzetlərdə, DİN-in internet saytında elanlar verilmişdir. İmtahanları müvəffəqiyyətlə vermiş 82 gəncin daxili işlər orqanlarında xidmətə qəbul olunması barədə daxili işlər naziri tərəfindən əmr imzalanmış və onlar respublikamızın şəhər, rayon polis orqanlarında müxtəlif vəzifələrə təyin edilmişlər.
Gəncə Şəhər Baş Polis İdarəsinə təhqiqatçı vəzifəsinə təyin olunan polis leytenantı Rauf Quluzadə gənc zabitlər adından çıxış edərək müsabiqənin şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında həyata keçirildiyinə, gənclərə olan bu ali diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmiş və əmin etmişdir ki, gələcək xidməti fəaliyyətlərində onlara göstərilən yüksək etimadı layiqincə doğruldacaqlar.
Tədbirə yekun vuran nazir, general-polkovnik Ramil Usubov “polis leytenantı” xüsusi rütbəsinin poqonlarını müsabiqənin qaliblərinə təqdim etməklə həyatlarında ən əlamətdar günlərdən biri-zabit vəzifələrinə təyin olunmaları münasibətilə onları təbrik etmiş, çətin və şərəfli xidmətlərində uğurlar arzulamış, xidməti fəaliyyətdə polisin adını daim uca tutmağı, insan və vətəndaş hüquq və azadlıqlarını nümunəvi qorumağı, vətəndaşların qəbuluna və müraciətlərinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşmalarını tövsiyə etmişdir.