MƏDƏNİYYƏT
Daxili turizmə həsr olunmuş “Macəra yaxındadır!” adlı kampaniyanın təqdimatı keçirilib
Bakı, 11 mart, AZƏRTAC
Martın 11-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən hazırlanmış ölkədaxili turizm kampaniyasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Macəra yaxındadır!” adlı kampaniyanın məqsədi dövlət səviyyəsində daxili turizmi təbliğ etmək, yerli əhalini ölkənin turizm imkanlarından yararlanmağa təşviq etməklə Azərbaycan Respublikası vətəndaşları üçün təqdim edilən bütün turizm təkliflərini bir araya gətirməkdir.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, hazırda dünyada vəziyyət qeyri- stabildir və bu da turizmə öz təsirini göstərməkdədir. “Azərbaycana səyahət etmək istəyən turistlər tərəddüd içindədir. Amma biz bu vəziyyətin uzun sürməyəcəyinə inanırıq. Məqsədimiz vətəndaşların yanında olmaq və yaranan iqtisadi, sosial çətinlikləri minimallaşdırmaqdır”, - deyə F.Zenqstşmid vurğulayıb.
Qeyd edib ki, bu gün çox əhəmiyyətli gündür, çünki ölkəmizin turizm potensialını artırmaq üçün 3 məhsul hazırlanıb. Bu məhsullar Azərbaycana gəlmək istəyən turistlərin səyahətini bir platformada cəmləşdirir.
Azərbaycan Turizm Bürosunun turizm sənaye və destinasiyanın inkişafının idarə edilməsi departamentinin direktoru İlkin Cavadov bildirib ki, kampaniya Azərbaycan Respublikası vətəndaşları və Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan fiziki şəxslər arasında ölkədaxili turizmin inkişaf etdirilməsinə yönəlib. Belə ki, www.macerayaxindadir.az veb-səhifəsində kampaniyanın tərəfdaşı olan turizm şirkətlərinin və hotellərin irəli sürdüyü xüsusi endirimli turizm xidmətləri və ya turizm paketlərindən ibarət təkliflər yerləşdirilib.
Qeyd edib ki, ölkədaxili turizm fəaliyyəti üzrə dövlət tənzimlənməsinin bir istiqaməti olaraq kampaniya ölkədaxili turizmin inkişafını və fəallaşmasını təmin edəcəkdir.
Tədbir çərçivəsində, həmçinin xarici turistlər üçün nəzərdə tutulmuş, bir çox funksiyanı özündə cəmləşdirən, turistlərə müxtəlif seçimlər təklif edən “azerbaijan.travel” saytının təkmilləşdirilmiş və yenilənmiş versiyasının təqdimatı keçirilib.
Azərbaycan Turizm Bürosunun layihə üzrə koordinatoru Şəfa Qurbanova bildirib ki, yeni sayt turistlərə ölkənin turizm potensialı haqqında yetərincə məlumat verməklə yanaşı, turistlərin səyahətinin planlaşdırmasına xidmət edir, uçuş biletləri, mehmanxana və müxtəlif tur paketlərini müqayisəli formatda təqdim edərək çoxçeşidli imkanlar yaradır.
Tədbir çərçivəsində Azərbaycanın turizm potensialından bəhs edən xarici auditoriya üçün nəzərdə tutulmuş “Experience Azerbaijan” jurnalının ikinci nüsxəsi ictimaiyyətə təqdim edilib. Jurnalda mətbəx, multikultural dəyərlər, yaradıcı gənclərdən alınan müsahibələr, Bakının XIX əsrdə olan vəziyyəti haqqında məqalələr əks olunub. Macərasevər turistlərin maraqları da diqqət mərkəzindən kənarda qalmayıb.
Tədbir çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçirilib, media nümayəndələrinin sualları cavablandırılıb.