Dəmiryolçular Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirmişlər
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, anma mərasimini Yeni Azərbaycan Partiyasının “Azərbaycan Dəmir Yolları” QSC-dəki ərazi ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətov açaraq “Xocalı həftəsi” çərçivəsində soyqırımının 21-ci ildönümü ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətini vurğulamışdır. Qeyd olunmuşdur ki, həmişə olduğu kimi, polad magistralın əməkçiləri də anma mərasimlərinə qatılmışlar. İri dəmir yolu qovşaqlarında, ayrı-ayrı idarə və müəssisələrdə keçirilən mərasimlərdə Xocalı soyqırımı zamanı həlak olanların, bütövlükdə, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi anılır.
Sonra QSC sədrinin müavini Qurban Nəzirov çıxış edərək tarixə qısa nəzər salmış, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımının bəşər tarixinin ən qanlı qətliamlarından biri olduğunu demişdir. Bildirilmişdir ki, həmin gecə erməni quldurları o vaxtkı sovet imperiyasının 366-cı motoatıcı alayının birbaşa köməyi ilə Xocalıda soyqırımı törətmişlər. Soyqırımı nəticəsində bir gecədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca amansızlıqla qətlə yetirilmiş, 1275 nəfər isə girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərinin taleyi indiyədək məlum deyildir. Daha dəhşətli bir fakt da ondan ibarətdir ki, həmin gün 8 ailə bütün üzvləri ilə birgə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər əlil olmuşdur.
Qeyd olunmuşdur ki, son illər Heydər Əliyev Fondunun xətti ilə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində bir sıra mühüm tədbirlər görülür. Artıq Pakistanda, Meksikada, Çexiyada, Kolumbiyada, İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasında, ABŞ-ın bir neçə ştatının qanunverici orqanlarında Xocalı qətliamı soyqırımı kimi tanınmışdır.
Sonra Nəqliyyat Nazirliyinin əməkdaşı Elturan Əkbərzadə, YAP “Azərbaycan Dəmir Yolları” QSC-dəki ərazi ilk partiya təşkilatının gənclər birliyinin sədri Fuad Rəsulov, YAP-ın QSC-dəki ərazi ilk partiya təşkilatının qadınlar şurasının sədri Jalə Əfəndiyeva, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Şahəstə Mustafayeva çıxış edərək Xocalı soyqırımının bəşəriyyət tarixində ən qanlı faciə olduğunu bildirmişlər.