Dendrologiya İnstitutunda Ümummilli Liderin 100 illik yubileyi qeyd olunub
Bakı, 10 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müəssisənin baş direktoru biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova çıxışında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik tariximizdə müstəsna xidmətlərindən söz açıb, dünyaşöhrətli siyasi xadimin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada layiqincə təmsil etdiyini bildirib. O, Azərbaycanın çoxəsrlik tarixinin qəhrəmanına çevrilmiş Ümummilli Liderin ölkəmizin inkişafında və xalqımızın mənəvi təkamülündə həyata keçirdiyi hər bir tədbirin böyük bir tarix olduğunu söyləyib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva çıxışını hazırladığı film vasitəsilə çatdırıb. Filmdə Ulu Öndər Heydər Əliyevin - tarix yaradan dahi şəxsiyyətin ömür yolundan, həyatının zaman-zaman xatırlanacaq qəhrəmanlıq anlarından bəhs edilib.
Tədbirdə çıxış edən Dendrologiya İnstitutunun əməkdaşı, professor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Heydər Əliyevin zəngin həyat və idarəçilik təcrübəsindən, böyük xilaskarlıq missiyasından danışıb. Qeyd edilib ki, Ümummilli Liderin Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmlənməsində xidməti əvəzsizdir. Müasir müstəqil Azərbaycan dövlətinin varlığı dahi liderin adı ilə bağlıdır. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, vətəndaş müharibəsindən xilas etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi.
Əməkdaşlardan Hüseynağa Əsədov, Şəlalə Gülməmmədova, Afiq Qazıyev və Mərdan Tağıyev Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətlərindən danışıb, bu görkəmli şəxsiyyətin xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşadığını bildiriblər.