Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ)
AZƏRTAC-a bildirmişlər ki, “Günəşli” yatağında dənizin 110 metr dərinliyində yerləşən 3 nömrəli stasionar platformanın əsaslı təmiri başa çatır. 1985-ci ildə istismara verilmiş 24 quyuluq platforma 50 il istifadə üçün nəzərdə tutulmuşdur. 21 il istismar edildikdən sonra platformanın kompleks təmirə ehtiyacı yaranmışdı. Təmir işlərini “Xəzərdənizneftqaztikinti” trestinin 3 və 4 nömrəli tikinti-quraşdırma idarələrinin inşaatçıları həyata keçirirlər. İşlər 2-3 növbədə aparılır. Artıq platformanın 1-ci və 2-ci qatlarının 6 min kvadratmetrlik hissəsi dəyişdirilib. Yanalma, enmə və vertolyot meydançalarının əsas konstruksiyaları da yeniləri ilə əvəz edilib. Təhlükəsizlik texnikasının tələblərinə uyğun olaraq, bütün neft və qaz kəmərləri və yanğın təhlükəli obyektlər əlvan rənglə boyanıb. 72 nəfərlik yaşayış bloku əsaslı surətdə təmir edilib. Hazırda kayutalar lazımi mebel və texnika ilə təchiz edilir.
Yenidənqurma və təmir işləri 1983-cü ildə inşa edilmiş 2 nömrəli buraxılış platformasında da uğurla həyata keçirilir. Bu gün həmin platformada 12 quyu fəaliyyət göstərir. Hər iki obyektin noyabr-dekabr aylarında dövlət komissiyasına təhvil verilməsi nəzərdə tutulmuşdur.
“Azneft” İB-nin Platformaların və hidrotexniki qurğuların tikintisi şöbəsinin rəisi Məsləhət Yunusov bildirib ki, ARDNŞ-in və “Azneft” İB-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş proqrama əsasən, “Günəşli” yatağında hər il iki platformanın əsaslı təmiri həyata keçirilməlidir. 2005-ci ildə 6 və 9 nömrəli dəniz stasionar platformaları təmir edilmişdir. Gələn il 5 və 10 nömrəli platformaların təmiri nəzərdə tutulmuşdur. Təmir işləri dünya standartlarına uyğun aparılır. Bunun üçün lazımi maliyyə vəsaiti ayrılmış, inşaatçılar bütün materiallarla təmin edilmişlər.