ŞƏRH
Deputat: Ərazilərinin bərpası Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir ŞƏRH
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa edilən yeni yaşayış kompleksinin açılış mərasimində iştirak etdilər. Bu mühüm addım Qarabağda münaqişə başa çatdıqdan sonra ərazilərin bərpasını və inkişafı prosesini simvollaşdırır. Mərasimdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhər sakinlərinə yeni mənzillərin açarlarını təqdim etdilər ki, bu da uzun illər köçkünlükdən sonra doğma yurdlarına qayıdanlar üçün mühüm məqam oldu. İnfrastrukturun, yaşayış binalarının və ictimai obyektlərin dirçəldilməsi üzrə geniş proqram çərçivəsində şəhərlərin və rayonların abadlaşdırılması davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Anatoliy Rafailov deyib.
O bildirib ki, bu səfər Azərbaycan rəhbərliyinin əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına və silahlı münaqişələrdən zərər çəkmiş ərazilərin bərpasına sadiqliyini nümayiş etdirir. Prezident İlham Əliyev Cəbrayılda yeni yaşayış kompleksinin açılışının rəmzi olduğunu qeyd edərək, bu torpaqlara həyatın qaytarılmasının Azərbaycanın uğurlu siyasəti və qətiyyətli fəaliyyəti sayəsində mümkün olduğunu vurğulayıb. O, həmçinin yeni evlərə köçən cəbrayıllıların rahat şəraitdə şəhərin və rayonun inkişafına töhfə verəcək yeni həyata başlaya biləcəklərinə əminliyini ifadə edib.
“Cəbrayıl şəhərinin yenidən qurulması işğaldan azad edilmiş ərazilərin bərpası üzrə geniş dövlət proqramının tərkib hissəsidir. Təkcə yaşayış komplekslərinin deyil, həm də rayonun hərtərəfli inkişafına imkan verən məktəb, xəstəxana, idman və mədəniyyət müəssisələri kimi sosial əhəmiyyətli obyektlərin tikintisinə xüsusi diqqət yetirilir. Bu işlər irimiqyaslı və çox dəqiq planlar əsasında həyata keçirilir. Hər bir şəhərin Baş planı təsdiqlənib. Nəzərə almaq lazımdır ki, Azərbaycanın vaxtilə işğal olunmuş torpaqları təkcə ekosidlərə deyil, həm də urbisidə məruz qalıb, bütün infrastruktur, sosial obyektlər, məktəblər, xəstəxanalar dağıdılıb, yandırılıb, bir sözlə, şəhər və kəndlər yer üzündən silinib. Bu cür barbarlıq bəşər tarixində çox nadir rast gəlinən bir haldır. Lakin Azərbaycan Hökuməti Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda bərpa işlərinin müəyyən hissəsini qısa müddət ərzində həyata keçirə bildi. Cəbrayıldakı yeni yaşayış kompleksinə müasir yaşayış binaları, sosial obyektlər və infrastruktur daxildir ki, bu da əhalinin rahat yaşaması və şəhərin daha da inkişafı üçün şərait yaradır. Bu hadisə rayonun bərpası və əvvəlki ahənginin qaytarılması istiqamətində mühüm addımdır”, - deyən deputat əlavə edib ki, Cəbrayılda yeni yaşayış kompleksinin istifadəyə verilməsi təkcə insanların öz torpaqlarına qayıtmasının deyil, həm də sabitlik, əmin-amanlıq və firavanlıq arzusu ilə seçilən bu rayonun tarixində yeni dövrün başlanğıcını simvolizə edir.
A.Rafailov sonda vurğulayıb ki, dağıdılmış ərazilərinin bərpası və geri qayıdan keçmiş məcburi köçkünlərin əmin-amanlığının təmin olunması Azərbaycan dövləti üçün mühüm əhəmiyyət kəsb edir.