Deputat: Şuşa Cənubi Qafqazda beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib
Bakı, 29 aprel, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərimiz beynəlxalq ictimaiyyətin diqqətindədir və bu ərazilərə səfər edib vəziyyətin yerindəcə şahidi olmaq istəyənlər çoxdur. Bu gün Şuşa dünyada tanınmış şəhərə çevrilib. Şuşa işğaldan azad olunduğu 1,5 il müddətində yenidən nəfəs alır və yeni-yeni qonaqları qəbul etməklə xoşbəxtdir. Şuşa Cənubi Qafqazda beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Azərbaycana səfər etmiş hər bir qonaq və beynəlxalq ekspertin işğaldan azad olunmuş ərazilərə baxış keçirməsi, Şuşa Forumunda toplanması o insanların ifadə etdikləri fikirlərinin mövcud reallıq üzərində formalaşmasına yol açır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
O bildirib ki, 2021-ci il aprelin 13-də ADA Universitetinin təşkilatçılığı ilə "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfrans keçirilib. Bu konfransda dövlətimizin başçısı beynəlxalq ekspertlərin çoxsaylı suallarını cavablandırıb və sonda növbəti konfransın Şuşada keçirilməsi xahiş olunub. Dövlətimizin başçısı konfrans iştirakçıların bu istəyini reallaşdırdı. Şuşada “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı Şuşa Beynəlxalq Forumu keçirildi. Bu Forumda dünyanın müxtəlif ölkələrindən nüfuzlu beyin mərkəzlərini təmsil edən beynəlxalq ekspertlər iştirak ediblər. Forumda iştirak edən nümayəndələr işğaldan azad edilmiş ərazilərə təyyarə ilə çox rahat şəkildə səfər etmək imkanını əldə ediblər. Bir il əvvəl beynəlxalq nümayəndələrin işğaldan azad olunmuş ərazilərə səfəri zamanı bu ərazilərdə görülən işlərin miqyası o qədər də böyük deyildi. İndi bu foruma qatılan iştirakçılar çox rahat şəkildə Zəfər yolu vasitəsilə Şuşaya gediblər.
“İşğaldan azad olunmuş ərazilər bu gün sanki bir tikinti meydançasıdır. Bütün yolboyu hər yerdə tikinti işləri davam etdirilir. Bir tərəfdən ərazilərin minalardan təmizlənməsi işlərinin əhatə dairəsi genişlənib, digər tərəfdən isə yaşayış məntəqələri yenidən qurulur və bərpa olunur. Forumla bağlı Şuşaya səfər edən nümayəndələr həm ermənilərin məhv etdikləri şəhərlərimizi, həm də azərbaycanlıların qısa zaman kəsiyində icra etdikləri işləri görüblər. Bu mənzərəni görən hər bir şəxsdə həmin ərazilərin kimə məxsus olması ilə bağlı tam fikir formalaşıb. Yəni işğalçı dağıdır və talan edir, əsil sahibləri isə yaradır və yenidən ruh qaytarır”, - deyə deputat qeyd edib.
A.Badamov Forumun mövzusunun işğaldan azad olunmuş ərazilərimiz üçün aktual olduğunu da vurğulayıb. O əlavə edib ki, bu gün Azərbaycan və Ermənistan arasında uzunmüddətli sabitlik təmin olunmadan Cənubi Qafqazda inkişaf və əməkdaşlıqdan danışmaq çətindir. Bir il əvvəl ADA Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda görülməli işlərdən bəhs edilirdisə, Şuşada keçirilən Forumda isə konkret nəticələrdən danışılıb.
“Bu gün Azərbaycan Ermənistana sülh sazişini bağlamaq üçün əsas baza prinsiplərini özündə əks etdirən beş şərtini təqdim edib. Artıq Brüssel görüşündən sonra yaratdığımız yeni reallığa uyğun Azərbaycanla Ermənistan arasında komissiyaların fəaliyyətinin təşkili ilə bağlı addımlar atılır. Müstəqillik tariximizdə ilk dəfə olaraq xarici işlər nazirimiz ilə ermənistanlı həmkarı arasında birbaşa telefon əlaqəsi yaranıb. Məsələlər artıq ikitərəfli danışıqlar müstəvisinə keçməkdədir. Yəni, Cənubi Qafqazda inkişaf və əməkdaşlıq üçün bir addım qabağa getmişik. Amma minalanmış ərazilərlə bağlı problemin hələ də qalması və erməni təxribatlarının davam etməsi Cənubi Qafqazda inkişaf və əməkdaşlıq üçün təhlükə olaraq qalmaqdadır. Minalanmış ərazilərin dəqiq xəritələrin verilməməsi yeni partlayışlara və mülkü insanların xəsarət almasına gətirib çıxarır. Forum iştirakçıları bu məsələləri və Azərbaycanın yaratdığı yeni reallığa uyğun regionda münasibətlərin formalaşması məsələlərini müzakirə edəcəklər. Düşünürəm ki, Şuşada təşkil edilən beynəlxalq forum Cənubi Qafqaza inkişafın və əməkdaşlığın gəlişinin tezləşdirilməsi baxımından əhəmiyyətli olacaq”, - deyən deputat fikirlərini yekunlaşdırıb.