Dərbənddə “Müharibədə keçən ömür..” adlı tamaşanın premyerası olub
Bakı, 24 noyabr, AZƏRTAC
Rusiya Federasiyası Dağıstan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Poeziya Teatrı və Dağıstan Yazıçılar Birliyinin təşkil etdiyi “Dağıstanı tərənnüm edirəm” adlı II Respublika Teatr Festivalı çərçivəsində Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrı, Sovet İttifaqı Qəhrəmanı, həmyerlimiz Şəmsulla Əliyevə həsr olunmuş “Müharibədə keçən ömür..” adlı tamaşanın premyerasını təqdim edib.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz Xaqani Əliyevin eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, rejissoru Dağıstanın Əməkdar mədəniyyət işçisi Yaqut Xandadaşova, rejissor assistenti Hörmət Aslanov, rəssamı Dəmir İsakov, musiqi tərtibatçısı Dağıstanın Əməkdar artisti Sevda Bəybalayevadır.
Tamaşa Şəmsulla Əliyevin müəllim kimi dağ kəndində savadsızılığın ləğv edilməsi uğrunda apardığı mübarizədən, Böyük Vətən müharibəsində keçdiyi döyüş yolundan və şəxsi həyatının bəzi məqamlarından bəhs edir.
Tamaşadan sonra Azərbaycan Dövlət Dram Teatrının direktoru, Dağıstanın Əməkdar mədəniyyət işçisi Firdovsi Əsgərov Şəmsulla Əliyevin qızı Validə xanımı tamaşaçılara təqdim edib. Validə xanım atasının xatirəsini əziz tutduqlarına görə tamaşanın yaradıcı heyətinə təşəkkürünü bildirib.
“Dədə-Qorqud” Fondunun sədri Rafiq Mövsümov Dağıstanda Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verdiyinə görə teatrın direktoru Firdovsi Əsgərova təşəkkür edərək teatra uğurlar arzulayıb.
Tamaşa alqışlarla qarşılanıb.