Dərnək sədri: Xanımların cəmiyyətə verdiyi töhfə hər zaman böyük dəyər daşıyır
İstanbul, 9 mart, AZƏRTAC
Türkiyədə Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Antalya şəhər qadın təşkilatları, bu qurumun Türk dövlətləri ilə əlaqələr bölməsi, Akdeniz Universiteti və Antalya Olğunlaşma İnstitutunun əməkdaşlığı ilə təşkil olunan tədbirdə mədəniyyət və elm xadimləri bir araya gəlib.
Proqramın rəsmi hissəsində çıxış edən Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin qurucusu və sədri Azər İsmayıl qadınların cəmiyyətin inkişafındakı roluna diqqət çəkərək, xanımların mədəniyyət, təhsil və sosial həyata verdiyi töhfənin hər zaman böyük dəyər daşıdığını vurğulayıb. O, proqramın qadınların cəmiyyətdəki dəyərini vurğulamaq və mədəni birliyi gücləndirmək məqsədilə təşkil edildiyini bildirərək, tədbirin keçirilməsinə dəstək verən bütün qurumlara və iştirakçılara təşəkkürünü ifadə edib.
Təşkil edilən konfransda müxtəlif sahələrin mütəxəssislərinin çıxışları dinlənilib.
Akdeniz Universitetinin rektoru, professor Özlenen Özkan, AK Parti Baş qərargahının qadın təşkilatları səhiyyə siyasətləri üzrə sədri Esma Atasoy, partiyanın Antalya üzrə qadın təşkilatlarının sədri Gülçin Özboz, həkimlər Mahru Nurullayeva və Aynur Gök, eləcə də Antalya Olğunlaşma İnstitutunun direktoru Emine Erkal çıxışlarında qadınların cəmiyyətdəki rolu, sağlamlıq, təhsil və sosial həyatda verdikləri töhfələr barədə fikirlərini bölüşüblər.
Proqram sərgi, rəqs nümunələri və musiqi nömrələrindən ibarət bədii hissə ilə davam etdirilib.
Sonda xanımlara Azərbaycanın milli atributlarını özündə əks etdirən xüsusi hədiyyələr və gül dəstələri təqdim edilib.