MƏDƏNİYYƏT
“Dəyirmi masa” layihəsi şikəstələrə həsr olunub
Bakı, 9 mart, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzinin “Dəyirmi masa” layihəsinin növbəti tədbiri muğamın tərkib hissəsi olan şikəstələrə həsr edilib və “Kəsmə şikəstə”nin əvəzolunmaz ifaçısı, Əməkdar artist Fatma Mehrəliyevanın xatirəsinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan muğamında şikəstələrin fərqli xüsusiyyətləri və yaranma tarixçələri haqqında geniş, ətraflı fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, aşıq musiqisindən törəsə də şikəstələr artıq muğam irsimizin bir parçasına çevrilib. Əlliyə yaxın şikəstə məlumdur, amma təəssüf ki, günümüzdə çox az hissəsi ifa olunmaqdadır.
Tədbirdə iştirak edən mütəxəssislər çıxışlarında şikəstələrin tarixindən, mahir ifaçılarından söz açıblar. “Kəsmə şikəstə”nin mahir ifaçısı Fatma Mehrəliyevanın ifaçılıq xüsusiyyətləri müzakirə edilib. Sənətkarın ifasında lentə alınaraq fondda qorunan “Kəsmə şikəstə” səslənib.
Qeyd edək ki, adı çəkilən tədbirlər BMM-nin “Unudulmayanlar” və “Dəyirmi masa” layihələri çərçivəsində həyata keçirilir.