Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyada yaşayan azərbaycanlılara müraciət edib
Bakı, 6 avqust, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyada yaşayan azərbaycanlılara müraciət ünvanlayıb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Komitəsi həmvətənlərimizin diqqətinə bir daha çatdırır ki, Rusiya Federasiyası Prezidentinin 2021-ci il 15 iyun tarixli Fərmanına əsasən, xarici vətəndaşların Rusiya Federasiyasında müvəqqəti qalma müddəti 2021-ci il sentyabrın 30-dək uzadılıb.
Müraciətdən, həmçinin bildirilir: “Bununla əlaqədar olaraq, həmvətənlərimizə hüquqi vəziyyətlərini tənzimləmək üçün ən qısa müddət ərzində faktiki olduqları yerdə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanının miqrasiya məsələləri üzrə bölməsinə müraciət etməyi, miqrasiya qeydiyyatından keçməyi və ya müvafiq iş patentini əldə etməyi, müddəti keçmiş sənədlərinin vaxtını uzatmağı tövsiyə edirik.
Bunun üçün Rusiya Federasiyasında müvəqqəti qalmaq üçün müddətin uzadılması haqqında əsaslandırılmış ərizə və şəxsiyyəti təsdiq edən sənəd, həmçinin Rusiya Federasiyası ərazisində müvəqqəti qalma müddətinin uzadılması haqqında nişanın qoyulması məqsədi ilə miqrasiya kartı (olduğu təqdirdə) təqdim etməlidir.
Miqrasiya kartı itirildiyi və ya zədələndiyi təqdirdə, həmvətənlərmiz miqrasiya kartının dublikatını almaq üçün faktiki olduqları yerdə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanının miqrasiya məsələləri üzrə bölməsinə müraciət edərkən bu haqda məlumat verməlidir.
Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Rusiya Federasiyası ərazisində hüquqi statusu tənzimlənməmiş 100 minə yaxın Azərbaycan vətəndaşı yaşayır.
Yuxarıda göstərilənləri nəzərə alaraq, hüquqi statusu tənzimlənməmiş həmvətənlərimizi bu məlumatı nəzərə almağı və ən qısa müddətdə qəbul olunmuş qərarın tələblərinə riayət edərək lazımi tədbirlər görməyi bir daha xahiş edirik”.