Dilənçiliklə məşğul olanların ictimai təhlükəli əməllərdən çəkindirilməsi məqsədilə profilaktiki tədbirlər görülür
Bakı, 29 mart, AZƏRTAC
Paytaxt ərazisində ictimai qaydanın və təhlükəsizliyin səmərəli təşkili, cinayət və cinayətkarlıqla mübarizə çərçivəsində avaraçılıq, dilənçiliklə məşğul olan şəxslərin ictimai təhlükəli əməllərdən çəkindirilməsi məqsədilə polis orqanları tərəfindən profilaktiki tədbirlər mütəmadi həyata keçirilir.
Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, aparılan təhlil və ümumləşdirmələr göstərir ki, əsasən Yevlax rayonundan olmaqla, ölkənin digər rayonlarından avaraçılıq və dilənçilik məqsədilə Bakıya gələn şəxslərin əksəriyyəti cibgirlik, soyğunçuluq əməlləri törədir və ya getdikləri mənzillərdən oğurluq edir.
Martın 28-də axşam saatlarında növbəti profilaktiki tədbir zamanı dilənçiliklə məşğul olan, 1983-cü il təvəllüdlü, Bakı şəhər sakini, birinci qrup əlil, əvvəllər məhkum olunmuş Əhliman Məmmədov Nərimanov rayonunda Dəmirçizadə küçəsində saxlanılarkən üzərində gəzdirdiyi yanacaqla özünü yandırmağa cəhd göstərib. Ona ilkin tibbi yardım göstərilərək xəstəxanaya çatdırılıb. Yanğın xəsarətləri alan Ə.Məmmədova tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Ə.Məmmədovun özünəqəsdinin qarşısını alan zaman iki polis əməkdaşı əl nahiyələrindən yanıq xəsarətləri alıblar.
Paytaxtda polis tərəfindən xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.