DİM Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində müxtəlif layihələr həyata keçirir
Bakı, 10 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi vasitəsilə Twinning, TAIEX və SIGMA alət və proqramları çərçivəsində həyata keçirilir. DİM tərəfindən 2016-2019-cu illərdə Avropa İttifaqının Twinning aləti çərçivəsində litvalı tərəfdaşlarla (Litva Respublikasının Dövlət Katibliyi, Dövlət Qulluğu Departamenti və Avropa Sosial Fond Agentliyi) “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” layihəsi həyata keçirilib. SIGMA proqramı çərçivəsində 2018-ci ildən “Dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi” adlı layihə həyata keçirilir. Layihənin əsas məqsədi dövlət qurumlarında idarəçiliyin inkişaf etdirilməsi və daxili nəzarət funksiyalarını yerinə yetirən struktur bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılmasıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin DİM-in yaradılmasının 5-ci ildönümünə həsr olunmuş məqaləsində yer alıb.
Məqalədə qeyd olunub ki, əməkdaşlıq çərçivəsində həyata keçirilən digər layihə “Səriştə modelinin təsdiqlənməsi” layihəsidir. 2020-ci ildən beynəlxalq ekspertlərin dəstəyi ilə keçirilən dövlət qulluğunda “Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihənin iştirakçı qurumları olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Apellyasiya Məhkəməsi seçilib. Layihənin əsas məqsədi dövlət qulluğunda vəzifə təhlili metodu ilə vəzifələr üzrə əmək fəaliyyətini effektiv edən davranışları müəyyən etmək və müvafiq vəzifələrin tutulmasında zəruri olan səriştələri təsdiqləməkdir.
2020-ci ildə DİM tərəfindən Avropa İttifaqının TAIEX aləti çərçivəsində təqdim olunan “Azərbaycan Respublikasının dövlət qulluğu sistemində elektron qaydada işə qəbulun gələcək inkişafına dəstək” layihəsi qəbul edilib. 2021-ci ildə həyata keçiriləcək layihənin məqsədi Aİ-nin üzv dövlətlərinin ən yaxşı təcrübələrini öyrənməklə Azərbaycanda elektron qaydada işə qəbulun daha da təkmilləşdirilməsinə töhfə verməkdir.
Eyni zamanda, DİM Astanada yerləşən Dövlət Qulluğu üzrə Regional Xab (Regional Xab) ilə də əməkdaşlığı davam etdirib. Regional Xabın məqsədi iştirakçı dövlətlər arasında dövlət qulluğu sahəsində davamlı bilik və təcrübə mübadiləsini həyata keçirən institusional şəbəkənin qurulmasıdır.