DİN-in Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində andiçmə mərasimi keçirilmişdir
Bakı, 14 may (AZƏRTAC). Mayın 14-də Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində 2011-ci tədris ilinin ilkin hazırlıq kursunu bitirmiş dinləyicilərin andiçmə mərasimi keçirilmişdir.
Tədbirdə respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov iştirak etmişdir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, məktəbin rəisi, polis polkovniki Ramiz Abdullayev sıra meydanına düzülmüş şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə nazir müavininə raport verdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət himnimiz səslənmişdir.
R.Abdullayev şəxsi heyətin peşə, mənəvi və fiziki hazırlığının artırılması məqsədi ilə məktəb rəhbərliyi və komandir-müəllim heyəti tərəfindən həyata keçirilmiş məqsədyönlü tədbirlər, bu sahədə əldə olunmuş uğurlar barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, tədris toplanışı dövründə şəxsi heyətlə aparılan təlim-tərbiyə işləri nəticəsində intizam məsuliyyətinə cəlb olunan dinləyici olmamış, yekun imtahanlarında onlar xüsusi, atəş və fiziki hazırlıq fənlərindən yüksək nəticələr göstərmiş, 12 dinləyici isə müxtəlif idman yarışlarında əldə etdikləri nailiyyətlərə görə mükafatlandırılmışdır.
Polis general-leytenantı Əsgər Ələkbərov DİN rəhbərliyi və şəxsən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından mərasim iştirakçılarını həyatlarındakı əlamətdar və məsuliyyətli günlərdən biri - ilkin hazırlıq kursunu müvəffəqiyyətlə bitirmələri və şərəfli “Polis Andı”nı qəbul etmələri münasibətilə müdavimləri təbrik etmiş, onlara seçdikləri çətin, lakin şərəfli peşədə uğurlar arzulamış, xidmətləri boyunca ulu öndərin ideallarına, Prezidentin siyasətinə, Vətənə və xalqa sədaqətli olmalarını tövsiyə etmişdir.
Ulu öndərin xüsusi fərmanı ilə təsdiq edilmiş dövlət gənclər siyasətinin daxili işlər orqanlarında da layiqincə yerinə yetirilməsindən, məhz bu siyasətin məntiqi nəticəsi olaraq hazırda polis sıralarında on mindən çox gəncin dövlətə və xalqa sədaqətlə xidmət etməsindən söz açan nazir müavini Prezident İlham Əliyevin də bu yaxınlarda analoji sənəd imzalayacağını bildirmişdir. O demişdir ki, bunun nəticəsində gənclərimiz, o cümlədən daxili işlər orqanları əməkdaşları üçün yaxşı perspektivlər açılacaq, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında onların daha yaxından iştirak etmələri üçün əlverişli şərait yaranacaqdır. Sıravi və kiçik rəis heyəti vəzifələrində çalışan əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi, ümumilikdə, gənclərə lazımi diqqət və qayğının göstərilməsi ölkə rəhbərliyinin böyük önəm verdiyi əsas məsələlərdəndir. Ali diqqət və yüksək etimadın əyani təzahürüdür ki, bu gün vətənə və xalqa sədaqət andı içən 294 gənc polis nəfəri daxili işlər orqanlarında xidmətə başlayacaqdır.
Nazir müavini ümummilli liderimiz kimi, Prezident İlham Əliyevin də DİN-in və onun ayrı-ayrı strukturlarının ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunmasında, insan və vətəndaş hüquq və azadlıqlarının təminində müstəsna rolunu və fədakar xidmətini hər zaman yüksək qiymətləndirdiyini vurğulamışdır. Daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün bütün tədbirlərin görüldüyünü, o cümlədən “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyini, bu istiqamətdə müvafiq addımların bu gün də atıldığını xatırlatmışdır. Polisin müasir texnika və avadanlıqla təchizatının yaxşılaşdırılmasına, şəxsi heyətin sosial müdafiəsinin daha da gücləndirilməsinə, ümumilikdə, xidməti fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlmiş tədbirlərin uğurla davam etdirildiyini diqqətə çatdıran Ə.Ələkbərov təkcə keçən il və cari ilin ötən müddətində daxili işlər orqanları üçün ümumilikdə 37 müxtəlif təyinatlı obyektin inşa edildiyini, bu qəbildən bir neçə tikilinin, o cümlədən DİN-in Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbi üçün yeni yeməkxana və yataqxana kompleksinin də Azərbaycan Polisinin peşə bayramı gününədək istifadəyə veriləcəyini qeyd etmişdir.
Sonra dinləyicilər təntənəli şəkildə “Polis Andı”nı qəbul etmişlər.
Tədrisi başa vurmuş dinləyicilər adından çıxış edən S.Nağıyev vətənə, dövlətə və anda sadiq qalacaqlarına, gənclərə göstərilən dövlət qayğısını, diqqəti nümunəvi xidmətləri ilə doğruldacaqlarına söz vermişdir.
Daha sonra gənc polis əməkdaşlarının atəş hazırlığı və əlbəyaxa döyüş növü üzrə nümunəvi çıxışları olmuşdur.
Mərasim şəxsi heyətin nizami addımlarla tribuna önündən keçməsi ilə başa çatmışdır.
Andiçmə mərasimi incəsənət ustalarının və musiqiçilərin çıxışları ilə davam etmişdir.