Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik
Bakı, 4 iyun, AZƏRTAC
Qazaxıstan süni intellekt və kibertəhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan Dövlət Texniki Xidmətinin sədrinin birinci müavini, Milli İnformasiya Təhlükəsizliyi Koordinasiya Mərkəzinin rəhbəri Ulıkbek Şambulov IV Milli Kibertəhlükəsizlik Forumunda çıxışı zamanı deyib.
Ulıkbek Şambulov bildirib ki, Qazaxıstanda süni intellekt dövlət siyasətinin əsas prioritetlərindən biridir və ölkənin üç il ərzində tam rəqəmsallaşdırılması hədəfi müəyyənləşdirilib.
“Süni intellekt texnologiyalarının sürətli inkişafı ilə paralel olaraq bu sahədə təhlükəsizlik məsələləri də xüsusi aktuallıq qazanır. Qazaxıstan artıq süni intellekt sistemlərində müəyyən boşluqlar və risklərlə qarşılaşdığından kibertəhlükəsizlik məsələlərinə ciddi diqqət yetirir. Bütün məktəblərdə və texniki təhsil müəssisələrində süni intellekt üzrə tədrisin tətbiqi nəzərdə tutulur. Bu sahədə risklərin və zəifliklərin öyrənilməsi istiqamətində çalışırıq. Düşünürəm ki, Azərbaycanla da bu sahədə əməkdaşlıq edə bilərik”, – deyə o vurğulayıb.
Qazaxıstan rəsmisi əlavə edib ki, süni intellektin təhlükəsiz və məsuliyyətli tətbiqi üzrə təcrübə mübadiləsi hər iki ölkənin kiberdavamlılığının gücləndirilməsinə töhfə verə bilər.