DİN: Paytaxtda narkotik vasitələrin qrup halında qəbul edildiyi 5 məkan müəyyənləşib VİDEO
Bakı, 19 oktyabr, AZƏRTAC
Paytaxt ərazisində hüquq qaydasının qorunması, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 18-də keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 104 fakt aşkar edilib. İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan 84, o cümlədən narkorkuryerlik etdiyinə görə axtarışda olan 16 nəfərin saxlanılması təmin edilib.
Narkotik vasitələrin qrup halında qəbul edildiyi 5 məkan müəyyən olunub. Qanunsuz dövriyyədən 6 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Saxlanılan şəxslərin hər biri barəsində cinayət və inzibati tədbirlər görülüb. Paytaxtda hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.