DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN BÜSTÜ AÇILMIŞDIR
Dövlət Komitəsinin sədri Hidayət Orucov qeyd etdi ki, Heydər Əliyevin büstünün açılışı bununla əlamətdardır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2001-ci ildə məhz onun fərmanı ilə yaradılmışdır. Ölkədə dövlətlə dinin qarşılıqlı münasibətlərinin tənzimlənməsi, dini dözümlülük, müxtəlif konfessiyaların dinc yanaşı yaşaması Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin bu xəttini onun varisi Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.
Hidayət Orucov büstün müəllifi, xalq rəssamı Ömər Eldarova təşəkkürünü bildirdi.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini hacı Sabir Həsənli, Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr ata, Xilaskar İsa katolik kilsəsinin yepiskopu Yan ata, Azərbaycanın dağ yəhudiləri icmasının başçısı Semyon İxiilov, Avropa yəhudiləri icmasının nümayəndəsi Aleksandr Şarovski, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov, akademik Fuad Qasımzadə və başqaları çıxışlarında dedilər ki, Heydər Əliyev cəmiyyətin həyatında dinin yerini və rolunu, mənəvi dəyərlərin qorunub saxlanmasının əhəmiyyətini çox gözəl bilirdi. Ulu öndərin ən böyük xidmətlərindən biri odur ki, o, Azərbaycanda müxtəlif konfessiyalara tolerant münasibətə yeni təkan, onlara hüquqi baza verərək, bu prinsipləri Konstitusiyada təsbit etdirmişdir.
Mərasimdə vurğulandı ki, Heydər Əliyev Azərbaycan xalqı üçün gördüyü işlərə görə insanların qəlbində həmişə yaşayacaqdır.
Ümummilli liderin büstünün açılışında Milli Məclisin deputatları, alimlər, KİV təmsilçiləri də iştirak edirdilər.