Dmitri Savelyev: Qələbə günü hər zaman rusiyalıları və azərbaycanlıları birləşdirəcək
Moskva, 8 may, AZƏRTAC
Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində SSRİ xalqlarının ortaq tarixi yaddaşı, birgə qəhrəmanlığı, Rusiya və Azərbaycanın ümumi mirası, habelə tarixi “yenidən yazanların” mənəvi terroruna qarşı mübarizə barədə söz açıb.
-Dmitri İvanoviç, sizcə, müasir dövrümüzdə Qələbə gününün Rusiya cəmiyyətində və bütün postsovet məkanında rolu nədən ibarətdir?
- Qələbə günü həmişə insanları birləşdirən bayram olub və olacaq. Bəli, ictimai diskussiyalarda bayram günü parada çıxmağınmı, yaxud “Əbədi məşəl”in önünə səssizcə gül qoymağınmı düzgün olması ilə bağlı mübahisələr gedir. Lakin mahiyyət etibarı ilə burada bir amal - həlak olanların xatirəsini və rəşadətini yad etmək amalı var. Bununla bağlı hər kəsin mövqeyi eynidir: sovet xalqı böyük qurbanlar bahasına faşist cəlladlarını və işğalçılarını öz torpaqlarından qovdu. Nəticədə müxtəlif nəsillərin nümayəndələri “Ölməz Polk”un dəstəsində görüşürlər. Küçələrdə yan-yana gedənlər əllərində övladlarının öz ölkəsində yaşaması, uşaqlarını və nəvələrini böyütməsi, mübahisə etmək və ümumi dil tapması naminə canlarını fəda etmiş doğmalarının portretlərini tuturlar.
-9 May ərəfəsində biz yenə də qalib xalqın şöhrətinə şübhə ilə yanaşan və tarixin yenidən yazılmasını təkid edənlərin səslərini eşidirik. Bunların qarşısını necə almaq olar?
-Burada iki yol var. Birincisi, tarixi yaddaşın qorunmasına yönəlmiş dövlət siyasətidir. İkincisi, hər bir insanın öz sələfinin qəhrəmanlığının yaddaşlarda qorunması üçün şəxsi marağının olmasıdır. Bu iki yol bir-birini tamamlayır. Öz tarixini bir neçə dəfə yenidən yazmış Baltikyanı ölkələrdə 9 May dövlət bayramı deyil. Buna baxmayaraq, iş günü olsa belə, minlərlə insan sovet əsgərlərinin memoriallarını ziyarət edir. Rusiyada Qələbə gününün dövlət səviyyəsində anlamı haqqında danışmağa ehtiyac görmürəm, bu, hamıya məlumdur. Lakin “Ölməz Polk” dövlətin təşəbbüsü deyil. Sadə insanların təşəbbüsü kimi bu ənənə hazırda Rusiya ilə yanaşı, geniş coğrafiyada - Avropada, Amerikada və əlbəttə, indi müstəqil olan keçmiş sovet respublikalarında yayılıb. Deməliyəm ki, Azərbaycanda bu yürüşlər çox təntənəli keçirilir. Çünki müharibə illərində bu ölkədə “Bizim üçün hər bir neft buruğu Stalinqraddır!” yazılmış plakatlar asılmışdı və bu müqəddəs bir həqiqət idi. İnsanlar yuxusuz və dincəlmədən işləyirdi, çünki sovet tankları və təyyarələri üçün yanacağın 80 faizi Bakıdan gəlirdi. Azərbaycandan hər dörd nəfərdən biri cəbhəyə yollandı və 300 mindən çox insan bir daha evinə qayıtmadı. Onların məzarları Rostov, Voronej, Taqanroq, Moskva ətrafı və Volqoqraddadır. Azərbaycanlıların 123 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bunların hamısını Azərbaycanda yaxşı xatırlayırlar. Bu faktlar Rusiyada da yaddaşlardan silinməyib. Onu da yaxşı başa düşürlər ki, öz tarixinin təhrif edilməsinə və sələflərinə iftira atılmasına biganə qalan xalq öz ruhunu, gələcəyini itirəcək. Buna heç bir vəchlə yol vermək olmaz. Ona görə də Rusiyanın bir çox şəhərlərində olduğu kimi, Bakıda da “Ölməz Polk” var və 9 May dövlət bayramı kimi qeyd edilir. Bu səbəbdən Azərbaycan və Rusiya müharibə haqqında həqiqətləri birgə qoruyub saxlamağa, onları övladlarına və nəvələrinə ötürməyə çalışırlar.
Yubiley ilində Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Qızıl meydandakı paradı birgə qəbul etdilər. Bu paradda azərbaycanlı hərbi qulluqçular da iştirak edirdilər. Bayram ərəfəsində Rusiyanın hər hansı bir şəhərində olduğu kimi, Bakı, Naxçıvan, Qəbələdə də onlarca tədbir keçirilir, uşaqlara və yeniyetmələrə çoxmillətli sovet xalqının böyük rəşadətindən söhbət açılır. Bundan başqa, Rusiya və Azərbaycanın məktəbləri arasında mübadilələr aparılır - məsələn, bakılı uşaqları Volqoqrad yaxınlığındakı “Şərqin 11 qəhrəmanı” yüksəkliyinə, həştərxanlı məktəbliləri isə Qafqazda döyüş şöhrəti yerlərinə baxmağa aparırlar. Əlbəttə, bu tədbirlərin bir neçəsi dövlət təşəbbüsləri çərçivəsində həyata keçirilir, lakin böyük bir hissəsini insanlar ürəklərinin və vicdanlarının səsi ilə özləri təşkil edirlər. Məhz bu, bizim tarixi həqiqətlərin təhrif edilməsi cəhdlərinə (məncə, bunu mənəvi terror adlandırmaq lazımdır) verdiyimiz ümumi cavabdır.
-Tarixi həqiqətlərin qorunub saxlanılması məsələsində Azərbaycanın Rusiyanın müttəfiqi olduğunu söyləmək olarmı?
- Buna, bir çox digər məsələlərdə olduğu kimi, şübhə yoxdur. Üstəlik, bizə elə gəlir ki, tarix uzaq bir məfhumdur. Müharibə illərində müxtəlif millətlərdən olan insanlar özlərinin ümumi vətənini, xatırladığınız kimi, millətçilik xəstəliyinə yoluxmuş faşizmdən müdafiə edirdilər. Polietnik dövlətdə millətçiliyin hansı nəticələr doğurduğu Azərbaycanda yaxşı məlumdur. Heydər Əliyevin azərbaycanlılar üçün ümummilli lider olması təsadüfi deyil: o, 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkəni qan axıdılmasından xilas etdi, bu torpaqlarda yaşayan bütün xalqlar üçün Azərbaycanın ortaq ev və ümumi vətən olduğunu bəyan etdi. Həmin vaxt, 1993-cü ildə Heydər Əliyev 9 may gününü yenidən dövlət bayramı elan etdi. Bu yaxınlarda keçirilmiş seçkilərdə xalqın mütləq əksəriyyətinin yenidən ölkənin taleyini etibar etdiyi Prezident İlham Əliyev bu gün öz böyük sələfinin siyasətini davam etdirir. İlham Əliyev dəfələrlə təəssüflə deyib ki, dünyanın bir çox ölkələrində baş qaldırmış milli ekstremizmin səbəblərindən biri də gənclərə təhrif olunmuş tarixi mənzərənin aşılanmasıdır. O, əmindir ki, sovet xalqının misilsiz qəhrəmanlığını əziz tutan xalqların üzərinə öz gələcəkləri qarşısında böyük məsuliyyət düşür və onlar tarixin yenidən yazılması və faşizmin tərənnümü cəhdlərinə qarşı birgə fəaliyyət göstərməlidirlər. Ona görə Azərbaycan və Rusiya həqiqətən bu məsuliyyəti bölüşürlər və təqribən 80 il bundan əvvəl sovet xalqının göstərdiyi ölməz rəşadətin toxunulmazlığını qorumaq naminə çoxlu birgə iş aparırlar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva