Dmitri Savelyev: Rusiya-Azərbaycan münasibətlərinin təməlini regionlar formalaşdırır
Moskva, 26 noyabr, AZƏRTAC
Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın fəallaşdırılmasına və inkişafına yönəlmiş dialoqun səciyyəvi cəhəti bu dialoqun ardıcıl və sabit olmasıdır. Hər il keçirilən regionlararası forum buna nümunədir.
Rusiya Federasiyası Dövlət Dumasının deputatı və Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində Moskvada yenicə başa çatmış X, yubiley forumundan aldığı təəssüratları bölüşür.
-Dmitri İvanoviç, bu forumun Rusiya-Azərbaycan tərəfdaşlığı üçün praktiki əhəmiyyətini qiymətləndirə bilərdinizmi?
-Müasir dünyada bir sıra ölkələr öz aralarında ticarət müharibələri aparır, bir-birinə qarşı embarqo tətbiq edirlər. Bu neqativ fonda Rusiya ilə Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlığının uğurla inkişaf etməsini görmək çox xoşdur. İki ölkənin təsərrüfat və investisiya əlaqələrinə tələbat işgüzar dairələr, sənaye müəssisələri və kommersiya şirkətləri tərəfindən formalaşdırılır, regionlararası forumlar da bu cür dialoq, yeni əlaqələr və müştərək layihələr üçün ən səmərəli məkana çevrilib. Bu forumlara xas olan işgüzar şərait onların fərqləndirici cəhətidir: əvvəlki forumlarda hazırlanmış planların çoxu artıq reallaşıb və əməkdaşlığın yeni istiqamətləri formalaşıb. Qarşıdakı beşillik dövr üçün əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair 2018-ci ildə imzalanmış plana beş “yol xəritəsi” daxildir. Hazırda bu yol xəritələrinin sırasına daha biri - innovasiyalar və elmtutumlu texnologiyalar sahəsində qarşılıqlı fəaliyyətə aid altıncı “yol xəritəsi” də əlavə edilir. Rusiyanın və Azərbaycanın innovasiya şirkətləri bir sıra layihələri birgə reallaşdıra biləcəklər.
-Xahiş edirəm, Rusiya ilə Azərbaycan arasında təsərrüfat əlaqələrinin intensivliyini təsdiq edən bəzi rəqəmlər göstərin.
-Əlbəttə, əsas göstərici qarşılıqlı əmtəə dövriyyəsinin həcmidir. Keçən il bu göstərici təqribən 14 faiz artaraq 2,5 milyard dollara yaxın olub. Cari ildə isə Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayevin proqnozlarına görə, bu göstərici 3 milyard dollara çata bilər. Əmtəə dövriyyəsinin bundan sonra da artması üçün qarşılıqlı investisiyalar və müştərək iqtisadi layihələr tələb olunur. Hazırda investisiyaların həcmi 6,1 milyard dollardır. Lakin analitiklərin hesablamalarına görə, bu göstəricini 2-3 dəfə artırmaq üçün potensial var. Keçən il Azərbaycan iqtisadiyyatına Rusiya investisiyalarının həcmi iki dəfədən çox artıb. “SOCAR Polymer” polipropilen zavodu, “Həyat farm” əczaçılıq müəssisəsi, Azərbaycanda “KamAZ” və “Ural” yük maşınlarının yığılması (yaxın vaxtlarda “Qazel” avtomobilləri də buraya əlavə olunacaq), Yesentuki, Jeleznovodsk və Kislovodksda mehmanxanalar və sanatoriyalar tikintisi hər iki ölkənin iqtisadiyyatının qarşılıqlı artımını təmin edən çox ciddi investisiyalardır.
-Bəs regionlararası əlaqələr necə inkişaf edir?
-Dövlətlərarası əməkdaşlığın təməli məhz regionlar səviyyəsində əlaqələr hesabına formalaşır, bu əlaqələr əməkdaşlığın əsas potensialına çevrilir, çünki Rusiyanın 72 regionu Azərbaycanla birbaşa ticarət əlaqələri saxlayır. Bəzən bu əlaqələr daha sıx xarakter kəsb edir. Məsələn, Həştərxan vilayəti Bakıda özünün işgüzar mərkəzini inşa edir. Stavropol diyarı buğda, qarğıdalı, arpa, qoyun əti və quş əti satışı üzrə liderdir: Azərbaycana aqrar sənaye məhsulları ixracında bu regionun payı 20 faizdən çoxdur. Forum çərçivəsində Rusiyanın “Rostselmaş” və Azərbaycanın “Azərimaş” Açıq Səhmdar Cəmiyyəti arasında memorandum imzalanıb: Rostov kombaynları Azərbaycanda yığılacaq.
“Voterfoll” şirkəti biaksial plyonka istehsalı xəttində tətbiq edilmək üçün “SOCAR Polymer” zavodundan külli miqdarda polipropilen alacaq. Azərbaycanın “Karvan-L” şirkəti Dağıstanın Dərbənd şəhərində “Zolotaya rıbka” adlı restoran tikir. Forumda bu iki tərəfdaş arasında investisiya layihəsinin reallaşdırılması barədə saziş imzalanıb. “Karvan-L” şirkəti şəhərin yeni mikrorayonunun və “Ananın göz yaşları” adlı məscidin konsepsiyasını hazırlayacaq. Regionlararası qarşılıqlı əlaqələrə dair onlarca nümunə göstərmək olar.
- Regionlararası forumda iki ölkənin şirkətləri bir-biri ilə daha hansı kontraktlar imzalayıblar və sizin fikrinizcə əməkdaşlığın hansı istiqaməti daha perspektivldir?
-Adlarını çəkdiyim sazişlərdən əlavə, Azərbaycanın “Nabucco” şirkəti Yekaterinburqdan olan “Neopark” ilə saziş bağlayıblar: urallılar mexanikləşdirilmiş və robotlaşdırılmış parkinqlər tikintisi üçün avadanlıq göndərəcəklər. “Azprodukt” şirkəti isə, “Velrıbprom” ilə saziş əsasında Rusiyaya 3 min tondan artıq dondurulmuş balıq məhsulları göndərilməsini təmin edəcək. Lakin mənim fikrimcə, cari ilin dekabr ayında imzalanmağa hazırlanan “Tarladan piştaxtaya” proqramı daha maraqlıdır. Aqrar məhsulların həyat dövrünün bütün mərhələlərində - toxum, gübrə və kənd təsərrüfatı texnikasından başlamış nəqliyyat, gömrük nəzarəti və ticarət şəbəkələrinə qədər - qarşılıqlı fəaliyyət sayəsində Azərbaycan Rusiya bazarına meyvə-tərəvəz satışını ikiqat artıraraq 1,2 milyard dollara çatdıra bilər. Rusiya ərazisində bir-birinin artınca açılan Azərbaycan ticarət evləri də bu məsələdə mühüm rol oynamalıdır. Bu il martın əvvəlində Rusiya paytaxtında “Azərbaycan töhfələri” şəbəkəsi işə başlayıb, iyul ayında isə Yekaterinburqda “Azərbaycan şərab evi” açılıb.
-Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulmuş “Azərbaycan” pavilyonu ölkələrimiz arasında əməkdaşlığa necə töhfə verəcək?
-Xatırlatmaq istəyirəm ki, müstəqil Azərbaycan xaricdə özünün ən birinci ticarət nümayəndəliyini məhz Rusiyada açıb. Bu baxımdan, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində hələ 1939-cu ildə tikilmiş milli pavilyonun respublikaya verilməsi çox məntiqli addımdır. Azərbaycanlı sənətkarlar tərəfindən bərpa edilmiş bu pavilyon həm Azərbaycanın xaricdəki ən mühüm sərgi meydançalarından biri, həm də mədəni cazibə mərkəzi, tarixi yaddaşın qorunub saxlandığı məkan və xalqlarımız arasında dostluğun özünəməxsus rəmzi olacaq. Bu, regionlararası forumun əsas məqsədinə - ən müxtəlif səviyyələrdə Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlədilməsinə də aiddir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva hər iki tədbirdə iştirak etmək üçün Moskvaya gəlmişdi. Bu, Mehriban xanımın Azərbaycanın Birinci vitse-prezidenti statusunda Rusiyaya ilk səfəri idi. Ötən il Bakıda keçirilən Regionlararası forumu Rusiya və Azərbaycan liderləri açdılar, bu dəfə isə forumun plenar iclasında Mehriban xanım Əliyeva və Federasiya Şurasının sədri Valentina Matviyenko sədrlik edirdi. Bu, ən mühüm siyasi, iqtisadi və humanitar problemlərin həllində qadınların rolunun artmasını əyani şəkildə nümayiş etdirir.
Hörmətli Mehriban xanım ən yüksək səviyyəli tədbirlərdə öz dövlətini təmsil etməklə Azərbaycanın müasir beynəlxalq imicini formalaşdırır, Rusiya Prezidenti Vladimir Putinin ona şəxsən təqdim etdiyi “Dostluq” ordeni isə Mehriban xanımın dövlətlərarası əlaqələrin dəstəklənməsinə və inkişafına yönəlmiş fəaliyyətinin əhəmiyyətini vurğulayır. Bu sözlər hüquq bərabərliyi, mehriban qonşuluq və qarşılıqlı fayda prinsipləri əsasında strateji tərəfdaşlığa öz töhfələrini verən Rusiya-Azərbaycan Regionlararası Forumuna da aiddir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva