Domodedovoda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təntənəli gecə olub
Moskva, 29 dekabr, AZƏRTAC
Moskva vilayətinin Domodedovo şəhərində, Rusiya Prezidentinin İşlər İdarəsinin “Bor” sağlamlıq kompleksində Azərbaycanın əsas bayramlarından biri - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. Tədbirin təşkilatçıları qismində Rusiya Federasiyasının Əməkdar İnşaatçısı, “Günay” istehsalat-kommersiya firmasının baş direktoru Əlizaman Rəhimov və Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Moskva vilayəti üzrə regional bölməsinin icraçı direktoru Araz Mürsəliyev çıxış ediblər.
Bayramın rəsmi hissəsini Domodedovo şəhər dairəsinin başçısı Leonid Kovalevski açıb. Sonra söz Domodedovo şəhər dairəsinin rəhbəri Dmitri Qorodetskiyə verilib. O, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək vurğulayıb ki, Domododevoda yaşayan azərbaycanlılar şəhərin sanballı sosial-iqtisadi nailiyyətlərində böyük rol oynayırlar.
O deyib: “Şəhər dairəsində yaşayan iki min nəfərdən çox azərbaycanlı Domodedovonun həyatının bütün sahələrinə fəal cəlb olunub, quruculuq işləri ilə məşğul olur və böyük nəticələr əldə edib”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, Azərbaycan diasporu Moskva vilayətinin, o cümlədən Domodedovonun həyatında fəal iştirak edir. Sonra o, Azərbaycan diasporunun Rusiya cəmiyyətinə inteqrasiyasına, çoxsaylı mədəni-maarif tədbirlərinin keçirilməsinə dəstək göstərdiklərinə görə RF-nin Əməkdar İnşaatçısı, “Günay” istehsalat-kommersiya firmasının direktoru Əlizaman Rəhimovu və ÜAK-ın Moskva vilayəti üzrə regional bölməsinin icraçı direktoru Araz Mürsəliyevi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov adından fəxri fərmanla mükafatlandırıb, Azərbaycan diasporunun fəallarına səfirliyin fəxri fərmanlarını təqdim edib.
Bayram gecəsində RAGB-ın Moskva vilayəti bölməsinin təsis olunması elan edilib.
Tədbir iştirakçılarına Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən söz açan “Azərbaycan mənim həyatımdır” sənədli filminin diski paylanıb. Disk ÜAK-ın Moskva vilayəti üzrə regional bölməsinin icraçı direktoru Araz Mürsəliyevin təşəbbüsü ilə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 200 nüsxə tirajla buraxılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva